Erməni deputat: “Məni nümayəndə heyətindən çıxarmağa cəhd etsinlər, onda nə edəcəyimi görəcəksiniz”

Ermənistan "İrs" partiyasının deputatı Zarui Postandjan AŞPA nümayəndə heyətinin tərkibindən çıxarılması ilə bağlı parlament sədri Ovik Abramyanın rəsmi qərarını gözləyir. Bu barədə Strasburqda jurnalistlərə açıqlama verən deputat yalnız bu qərardan sonra müvafiq addımlar atacağını deyib: "Heç kəsin şübhəsi olmasın ki, bütün tədbirlər görüləcək. Əgər onun belə istəyi varsa, bu, çox yaxşıdır. Bu ondan xəbər verir ki, Ermənistanda insanlar fikir azadlığına görə təqib olunur. Bu birinci dəfə deyil və  biz nə etmək lazım olduğunu bilirik. Ovik Abramyan artıq bir dəfə məni nümayəndə heyətinin tərkibindən çıxarmağa cəhd etmişdi. O və digərləri bunun nəticəsinin nə olduğunu gördü”.

 

APA TV-nin xəbərinə görə, o, AŞPA sessiyasında Serj Sərkisyana belə bir sual ünvanlamasından da peşman olmadığını bildirib.

 

Qeyd edək ki, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Zaruhi Postanjyan qurumun sessiyasında çıxış edən Ermənistan prezidenti Serj Sərkisyana sual ünvanlayıb. O Serj Sərkisyanı Ermənistan prezidenti kimi qəbul etmədiyini bildirib, onun bu yaxınlarda Avropa ölkələrindən birində kazinoda 70 milyon avro pul uduzduğunu deyib və bu qədər pulu haradan aldığını soruşub.

 

Daha sonra Ermənistan parlamentinin sədri Ovik Abramyan Zarui Postancyanın ölkəsinin AŞPA-dakı nümayəndə heyətinin tərkibindən çıxarılacağını deyib.

 

Müəllif | Apa.Tv
Apa.tv