Telefon kabellərinin qənimləri ələ keçdi - ƏMƏLİYYAT
Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Xətai Telefon Qovşağından Binəqədi rayonu ərazisində ümumilikdə 920 metr rabitə kabellərinin oğurlanması və nəticədə dövlətə külli miqdarda ziyan vurulması barədə rayon Polis İdarəsinə məlumat daxil olub.
APA TV-nin məlumatına görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Abbas Əliyev tutularaq istintaqa cəlb edilib. Müəyyən edilib ki, Abbas Əliyev müxtəlif vaxtlarda rayondakı ayrı-ayrı ünvanlardan telefon və internet kabellərini kəsərək yaşadığı evin həyətinə gətirib. Daha sonra həmin kabellərdəki misi çıxararaq Qorxmaz Davudov və Faiq Rəhimova məxsus metal qəbulu məntəqələrinə satıb.
Abbas Əliyev törətdiyi cinayəti etiraf edib: "Binəqədi ərazisində dəfələrlə kabel oğurlamışam , onları əridib mis halına salmışam, əlvan metal qəbulu yerlərinə satmışam. Faiqlə Şakirə satıb onun əvəzinə pul əldə etmişəm".
Əməliyyat tədbirlərinin davamı olaraq metal qəbulu məntəqəsinin sahibləri də saxlanılıb. İstintaq zamanı müəyyən edilib ki, Qorxmaz Davudov oğurluq malları Sumqayıt şəhərində yerləşən “Bakı Mis İstehsalı” MMC-yə, Faiq Rəhimov isə Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindəki “Elit Yatırım və Ticarət LTD STİ” MMC-yə təhvil veriblər.
DİN-ə daha bir məlumat isə “Aztelekom” İB-nin Sumqayıt Şəhər Telekommunikasiya Qovşağından daxil olub. Müraciətdə işlək vəziyyətdə olan 32 metr uzunluğunda kabelin dirəklərdən kəsilərək aparıldığı bildirilib. Əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Elvin Nəsrullayev və Hikmət Fərəcov saxlanılıblar.
Hikmət Fərəcov oğurluq malın yalnız satışında iştirak etdiyini deyib: "Gecə Elvin mənə zəng elədi ki, oğurluq kabel var, gedək kəsək. Dedim işim var, bir azdan görüşərik. Səhər gəldi ki, artıq kəsmişəm, gedək sataq. Gedib satdıq".
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.