Zaqatalada repititor yanından qayıdan məktəbliləri maşın vurdu
Zaqatalada iki məktəblini maşın vurub. Zaqatala rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, ötən gün rayon sakini, 1990-cı il təvəllüdlü Mərhəmət Musif oğlu Səfərov idarə etdiyi “VAZ 2106” markalı, 60 BE 726 dövlət nömrə nişanlı minik avtomobili ilə Azərbaycan prospekti ilə hərəkətdə olarkən, yolun kənarı ilə gedən piyadalar - Zaqatala rayon sakinləri 2000-ci il təvəllüdlü Nihad Hüseyn oğlu Əliyevi və Nərgiz İsa qızı Məmmədovanı vuraraq hadisə yerindən qaçıb.
Qəza nəticəsində xəsarət alan N. Əliyev və N. Məmmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar. Keçirilmiş tədbir nəticəsində hadisəni törədən M. Səfərov tutularaq istintaqa təhvil verilib.
Zaqatala RMX-dan APA TV-ya bildirilib ki, yaralılardan Nihad Əliyevin müayinə və müalicəsini davam etdirmək üçün o, Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. N.Məmmədovanın vəziyyəti yüngül olduğundan ona xəstəxanada ilkin tibbi yardım edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Zaqatala RMX-nın həkimi Müşfiq Məmmədov bildirib ki, yol qəzası nəticəsində yaralanan iki nəfər təcili yardımla xəstəxanaya gətirilib: "Onlardan Məmmədova Nərgiz İsa qızına alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ budun yumşaq toxumasının əzilmiş diaqnozu qoyulub. Xəstəyə ilkin tibbi yardım göstərilib. Digər bir xəstə Əliyev Nihad Hüseyn oğluna sol baldır sümüklərinin qapalı və qəlpəli yerdəyişən sınığı diaqnozu qoyulub. Onun da müalicəsi davam etdirilir".
Məlumatda o da bildirilir ki, N. Əliyev və N. Məmmədova Zaqatala rayon 1 saylı orta məktəbinin 10-cu sinif şagirdləridir. Hadisə baş verən zaman onlar repititor yanından evə qayıdırmışlar.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.