Reyhanlı terrorunun təşkilatçısı türkmənlər tərəfindən öldürüldü

THKP-C/ Acilciler terror təşkilatının lideri Malazgirt xüsusi təyinatlıları tərəfindən öldürülüb. APA TV-nin məlumatına görə, Hatay vilayətinin Reyhanlı qəsəbəsində 2013-cü ildə törədilən terror aktının və Suriyada Banyas qətliamının əsas təşkilatçısı olan "Sırtlan" kod adlı Mihraç Ural Suriyada məhv edilib. Terrorçu 7 nəfərlik Malazgirt xüsusi təyinatlıları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Peyğəmbər Yunus Təpəsində zərərsizləşdirilib.

 

Mihraç Ural 1956-cı ildə Antakyada doğulub. Türkiyədə terrorçuluq fəaliyyətinə görə həbs olunub və  1982-ci ildə Suriyaya qaçıb. Terrorçu 1970-ci ildə qurulan qeyri-qanuni Türkiyə Xalq Partiyası Cəbhəsindən (THKP-C) ayrılan şəxslərin yaratdığı THKP-C/ Acilciler Təşkilatının lideri olaraq tanınırdı.

 

Bundan başqa terrorçu Bəşər Əsəd rejiminə xidmət edən polislərin (Şebbiha) komandanı olaraq Bayırbucaq bölgəsində fəaliyyət göstərib, türkmənlərə qarşı rejim tərəfində döyüşüb.  Mihraç Uralın Əsəd ailəsi ilə yaxın münasibətləri olub.

 

Xatırladaq ki, Reyhanlı faciəsində 52 nəfərin və Suriyanın sünnilər yaşayan Banyas və Beyda kəndlərində ən azı 150 nəfərin ölümünə səbəb olan hadisələrin əsas günahkarı hesab olunur.

Müəllif | Apa.Tv
Apa.tv