Kim Çen In xalqına səsləndi: "Aclığa hazır olun!"
Şimali Koreya hakimiyyəti xalqa ölkənin iqtisadi çətinlikdən əziyyət çəkməsi ilə bağlı çağırış edib. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bir müddət əvvəl hökumət hər bir vətəndaşdan ayda 1 kq buğda toplanacağı barədə xəbərdarlıq edib.
Hesablamalara görə, bu il Şimali Koreya artıq xaricdən 440 min ton taxıl sifariş edib, amma bunun cəmi 17 min 600 tonunu ala bilib.
Rəsmi Pxenyan tətbiq edilən sanksiyaları təxribat adlandırır və bu çətinliklərin öhdəsindən xalqın dəstəyi ilə gələcəyini bildirir.
Ölkə lideri Kim Çen In bildirib ki, Şimali Koreya xalqının mübarizə yolu uzun və çətindir.
"Biz yenidən çətin yollar keçəcəyik, amma qarşıda qurtuluş var, bunun reallaşacağı artıq hiss olunur". SİTATIN SONU.
Bu arada Yaponiya və Cənubi Koreya Pxenyana qarşı yenidən sərt qadağalara start verib. Şimali Koreyaya qiymətli metalların satışı dayandırılır.
Bu sanksiyaların sərtləşdirilməsinə və uzadılmasına səbəb Şimali Koreyanın ballistik raket sınaqlarını davam etdirməsi və bölgə dövlətlərinə nüvə təhdidi etməsidir.