Əbülfəs Qarayev: "Elə şöbələrimiz vardı ki, bir nəfərdən ibarət idi"
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncama münasibət bildirib. Nazir qeyd edib ki, sərəncama uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi baş idarə statusu alıb:
"Bu status onun imkanlarının genişləndirilməsinə imkan yaradacaq, eyni zamanda respublikada fəaliyyət göstərən 60-a qədər rayon və şəhər şöbələri artıq ləğv olunaraq, 15 regional idarə yaradılacaq”.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Əbülfəs Qarayev sözlərinə görə, bölgələrdə fəaliyyət göstərən şöbələr müasir standartlara cavab vermədiyindən onların təkmilləşdirilməsi zərurəti ortaya çıxıb:
"Burada hansısa ciddi ixtisarların aparılmasından söhbət getmir. Söhbət mədəniyyət xidmətlərinin daha səmərəli, müasir və maraqlı aparılmasından gedir. Elə şöbələr vardı ki, bir nəfərdən ibarət idi. İndi regionlar üzrə yaradılacaq şöbələrin prioritetləri müəyyənləşəcək. Həm mədəniyyət və həm də turizm xidmətlərinin göstərilməsi vəhdət şəkildə daha səmərəli təşkil ediləcək. Sözsüz ki, maliyyənin də səmərəli istifadə olunması, lazımsız xərclərə yol verilməməsi prioritet olaraq qalır. Hesab edirəm ki, gələn ilin əvvəlindən bütün regional idarələr tam tərkibdə fəaliyyətə başlayacaq".
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Salyan şəhərində vətəndaşları qəbul edib.
Qəbulda Salyan, Biləsuvar, Hacıqabul, Neftçala, Cəbrayıl rayonlarından və Şirvan şəhərindən olan vətəndaşlar da iştirak edib.