Konteyner oğrusu polisi aldatmaq istədi: "Sahibi özü məndən xahiş etmişdi"
Abşeron polisi Vasif Əliyevə məxsus konteynerləri satıb pulu mənimsəyən şəxsi həbs edib. APA TV-nin məlumatına görə, polisə gətirilən 24 yaşlı İslah Kərimov ifadəsində zərərçəkən kimi tanınan Vasif Əliyevin öz təşəbbüsü ilə avadanlığı satdığını bildirərək istintaqda çaşqınlıq yaradıb. Onun sözlərinə görə, konteynerləri qaldırıcı kran vasitəsi ilə yük avtomobilinə yükləyərək aparıb.
Bu ifadədən sonra polisin onu dərhal azad edəcəyini düşünən İslah Kərimov yanılıb. İstintaq zərərçəkən şəxslə əlaqə saxlayaraq onu idarəyə dəvət edib. Məlum olub ki , bu şəxslər ümumiyyətlə bir-birilərini tanımırlar və konteynerlərin satılmasını Vasif Əliyev ondan xahiş etməyib. İslah Kərimov oğurladığı konteynerləri hara apardığını da boynuna alıb.
"Vaqonları götürüb Masazıra gətirmişəm. Sahibindən icazə almadığım üçün əlbəttə oğurluq sayılır. Həddən artıq peşmanam".
İstintaqla müəyyən edilib ki, İslah Kərimov konteynerlərin satışından 3 min 200 manat pul əldə edib və məbləği mənimsəyib. Faktla bağlı araşdırmalar davam edir.