QMİ-də 31 mart - Azərbaycanlıların Soyqırım günü ilə bağlı anım tədbiri keçirildi

Bu gün Qafqaz Müsəlmanları İdarəsində 31 mart - Azərbaycanlıların Soyqırım günü ilə bağlı anım tədbiri keçirilib. Mərasim "Quran-i Kərim"dən ayənin oxunması ilə başlayıb.

 

Tədbirdə çıxış edən Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə soyqırım faktorunun ümumbəşəri bəla olduğunu bildirərək, azərbaycanlıların əsrlər boyu bu kimi vandalizm aktlarına məruz qaldığını nəzərə çatdırıb. Şeyx həmçinin  mərhum prezident Heydər Əliyevin 1918-ci il martın 31-də xalqımızın məruz qaldığı soyqırım aktına siyasi-hüquqi qiymət verilməsi haqqında 26 mart 1998-ci il tarixli fərmanını xatırladaraq, sözü gedən sənədin soyqırım həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yolunda mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

 

Tədbirdə çıxış edənlər islam dininin hər zaman soyqırımı və ümumilikdə insanlığa qarşı istənilən səpkili cinayətlərə qarşı olduğunu vurğulayıblar. Ölkəmizdə akkreditasiyadan keçmiş dini icma rəhbərləri öz çıxışlarında azərbaycanlıların başına gətirilən soyqırımlar barəsində gerçəkliyin öz səlahiyyətləri çərçivəsində təbliğində bundan sonra da fəaliyyət göstərəcəklərini bildiriblər.

 

Anım mərasiminin yekununda Qafqaz Müsəlmanları İdarəsi adından 31 mart - Azərbaycanlıların Soyqırımının 98-ci ildönümü münasibətilə dünya liderləri, parlamentləri və ümumilikdə beynəlxalq ictimaiyyətə müraciət qəbul olunub. Sənəddə dünya ölkələri ermənilərin xalqımıza qarşı törədikləri insanlıq əleyhinə cinayətlərə siyasi-hüquqi qiymət verilməsinə çağırılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv