Aydın Əliyev: "Bəzi vergi rüsumlarının azaldılması ilə bağlı təkliflər hazırlamışıq"
Bu gün Bakıda Dövlət Gömrük Komitəsi – TÜSİAB (Azərbaycan-Türk Beynəlxalq Sənayeçi və İş adamları Cəmiyyəti) formatında işgüzar görüş baş tutub.
Görüş "Gömrük islahatları yeniliklər və perspektivlər" mövzusunda keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən TÜSİAB-ın İdarə Heyətinin sədri Yavuz Keleş bildirib ki, TÜSİAB 22 ildir Azərbaycan və Türkiyəyə xidmət göstərməkdən qürur hissi duyur. Y. Keleş son zamanlar Türkiyədə baş verən terror hadisələrinə toxunaraq bildirib ki, ölkəsi bu hadisələrdən üzüağ çıxacaq: "Bu çətin gündə Azərbaycan Türkiyəni yalnız buraxmadı. Biz bir daha anladıq ki, Azərbaycan hər zaman Türkiyənin yanındadır və belə də olacaq".
Azərbaycanda son zamanlar aparılan islahatlardan danışan TÜSİAB rəhbəri qeyd edib ki, bu proses ölkənin inkişafına xidmət edir və onun rəhbərlik etdiyi cəmiyyət hər zaman bu inkişafa dəstək verəcək.
Y. Keleş Azərbaycanın gömrük sistemindəki şəffaflığı yüksək qiymətləndirib.
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev də çıxışına Türkiyədə baş verən terror aktlarına toxunaraq başlayıb. A. Əliyev bildirib ki, Türkiyə çox güclü və istənilən terrorlarla mübarizə aparmaq iqtidarında olan dövlətdir.
Ölkə baş verən iqtisadi proseslərə toxunan DGK sədri qeyd edib ki, qlobal iqtisadi böhran və neftin qiymətinin azalması ilə əlaqədar gömrük orqanları qarşısında konkret vəzifələr qoyulub: "Prezident İlham Əliyev tərəfindən ölkə iqtisadiyyatının daha da zənginləşdirilməsi və qeyri-neft sektorunun inkişafı ilə bağlı gömrük orqanları qarşısında konkret tapşırıqlar qoyulub. Bildiyiniz kimi, gömrük prosedurları sadələşdirilib.
Görüşdən sonra jurnalistlərə açıqlama verən DGK sədri Aydın Əliyev deyib ki, bəzi yerli istehsal olan malların vergi rüsumundan azad olunması, bəzi vergi rüsumlarının azaldılması ilə bağlı təkliflər hazırlanıb: " Bundan başqa daxili istehsalı qoruma eyni zamanda artırma , yeni iş yerlərinin açılması ilə bağlı təklifləri hazırlayaraq biz hökumətə vermişik ".
A. Əliyev əlavə edib ki, onun rəhbərlik etdiyi qurum türkiyəli həmkarları ilə sıx əməkdaşlıq edir.