Göygöldə oğurluq etmiş Gəncə sakinləri saxlandı

Göygöl sakini Rəşad İbrahimov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus ictimai iaşə obyektindən qiymətli əşyaların naməlum şəraitdə oğurlandığını bildirib. Müraciət əsasında araşdırmalara başlayan Göygöl rayon Polis Şöbəsinin əməkdaşları cinayətin üstünü aça biliblər. APA TV-nin məlumatına görə, müəyyən edilib ki, həmin oğurluq hadisəsini iki Gəncə sakini törədib.

 

Müstəntiq Həmid Həsənovun sözlərinə görə, oğurluq edən hər iki şəxs artıq saxlanılıb: "Göygöl rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsinin Gəncə sakinləri Hüseynov Elşad Qalib oğlu və Abdullayev Tural Vaqif oğlu tərəfindən törədilməsi müəyyən edilib. Hər iki şəxs saxlanılaraq istintaqa təqdim olunub".

 

Elşad Hüseynov və Tural Abdullayevin ətrafında aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər bir neçə gün əvvəl Çaykənd və Yeni Zod kəndlərində İman Məhərrəmov və Sərvin Aşurova məxsus ictimai iaşə obyektlərindən də oğurluq ediblər. Saxlanılan şəxslər hər üç oğurluq əməlini törətdiklərini etiraf ediblər. Əsl peşəsi operator olan Tural Abdullayev bildirib ki, Çaykənd ərazisinə borcunu almağa gedib. Amma,  istəyinə nail ola bilmədiyi üçün oğurluq etməyə qərar verib: "Toğanaya səsgücləndirici satmışdım. Onun pulunun arxasınca getdik. Ora çatanda həmin adamı tapa bilmədik. Telefonuna zəng çatmırdı. Qayıdıb gələndə oğurluq etdik".

 

Digər saxlanılan şəxs Elşad Hüseynov törətdiyi cinayəti etiraf edib: "Kondisioner, motor və çən götürmüşük. Hamısını gətirib satdıq".

 

Faktla bağlı Göygöl rayon polis şöbəsində cinayət işi açılıb, istintaq aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv