Goranboyda evdə dəhşətli partlayış olub, dörd nəfər ağır xəsarət alıb
Goranboy rayonunun Ağcakənd qəsəbəsində evdə partlayış qeydə alınıb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə qaz sızması nəticəsində baş verib. Partlayış zamanı evdə olan Mehralıyev ailəsinin dörd üzvü agır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar Nadir Mehralıyev, onun həyat yoldaşı Nailə Mehralıyeva və iki azyaşlı övladlarıdır. Hadisə səhər saatlarında qazı yandıran zaman baş verib. Qonşuların sözlərinə görə çox möhkəm partlayış səsi gəlib.
"Oturmuşdum evdə, gördüm səs gəldi. Qışqırıb dedim ki, uşaqlara ermənilər ya "Qrad" atdı, ya da mina. Sonra uşaqlar dedi k,i bəs qonşuluqda partlayış olub. Bilmədim necə gəldim. Allah o günü heç kəsə yaşatmasın".
Partlayış baş verən evə köməyə gedən qonşuların bildirdiklərinə görə, ailə üzvləri müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Onlar əvvəlcə Goranboy rayon mərkəzi xəstəxanasına, sonra isə Bakıya aparılıblar. Partlayış nəticəsində ev tamamilə yararsız vəziyyətə düşüb. Üş otaqda əşyalar zərbədən qırılıb və alovdan əriyib. Evin tavanı isə tamamilə aralanıb.
Goranboy Qaz İstismar İdarəsinin əməkdaşlarının sözlərinə görə, hadisəyə qaz borusunun evə daxil olan hissəsinin yerin altından getməsi səbəb olub. Belə ki, boru erroziyaya uğradığından qaz sızaraq evə dolub. Nəticədə ailə üzvləri qazı yandırmaq istəyən zaman partlayış baş verib.
Hazırda hadisə baş verən evdə qaz borularının yerin üstünə çıxarılması işləri həyata keçirilir.