Prezident İlham Əliyev ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşdü

Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb. APA TV-nin məlumatına görə, görüşdən sonra tərəflər jurnalistlər qarşısında bəyanatlarla çıxış ediblər.

 

Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Azərbaycan ABŞ-la ikitərəfli əlaqələri yüksək qiymətləndirir. O, ABŞ prezidenti Barak Obamaya Nüvə Təhlükəsizliyi sammitində iştirak etmək üçün dəvətinə görə təşəkkür edib:

 

“Bu dostluq və tərəfdaşlıq əlamətidir. Mən bizim qarşılıqlı əlaqələrimizi yüksək qiymətləndirirəm. ABŞ Azərbaycan münasibətlərinin uzun 25 illik tarixi var. Bu münasibətlər həmişə yaxın, səmimi olub və strateji tərəfdaşlıq səviyyəsindədir. Bizim inkişaf edən iqtisadi əməkdaşlığımız mövcuddur, ABŞ şirkətləri bizim iqtisadiyyatımıza təxminən 10 milyard dollar sərmayə qoyub. Bu uğurlu iqtisadi əməkdaşlığın və  ölkəmizin  iqtisadi inkişafının göstəricisidir”.

 

Dağlıq Qarabağ münaqişəsinin nizamlanma məsələsinə toxunan prezident İlham Əliyev bildirib ki,  münaqişə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyri şərtsiz geri çəkilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində həll edilməlidir:

 

“Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən münaqişənin  həlli yollarının tapılmasındakı səylərinə görə ABŞ hökumətinə təşəkkür edirik. Ermənistan Azərbaycan arasında münaqişə, post-sovet ərazisindəki münaqişələr, eləcə də bütün dünyadakı münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”.

 

ABŞ-ın dövlət katibi Con Kerri isə Azərbaycan prezidenti İlham Əliyevi ABŞ-da salamlamaqdan məmnunluq duyduğunu bildirib. O, deyib ki, ABŞ və Azərbaycanın hazırda üzərində işlədikləri çox sayda ümumi maraqları var.

 

Con Kerri Azərbaycana Əfqanıstandakı sülhməramlı səylərə verdiyi töhfəyə görə minnətdarlığını bildirib:

 

“Məlumdur ki, Azərbaycan hazırda mürəkkəb regionda yerləşir. Biz Azərbaycanın həyata keçirdiyi “Cənub Qaz Dəhlizinə” dəstəyimizi bildirmişik. Bu Avropanın uzunmüddətli strateji maraqları baxımından, o cümlədən enerji resurslarının diversifikasiyası baxımından  çox böyük addımdır”.

 

Con Kerri görüşdə terrorizmə qarşı mübarizə və Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həlli məsələsini müzakirə etdiklərini bildirib. “Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə ehtiyac var”.

Müəllif | Apa.Tv