“İnter”i Avropa kuboklarında iştirakdan məhrum edən qərar qüvvədə qaldı
Bakının “İnter” klubu İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.
APA TV-nin məlumatına görə, UEFA tərəfindən bir mövsümlük Avrokuboklardan məhrum edilən “bankirlər”in etirazından sonra qitə futbol qurumu qərarı qüvvədə saxlayıb.
Rəsmi saytı vasitəsilə açıqlama yayan paytaxt klubu qərarla razılaşmayacaqlarını və ən yüksək səviyyədə etiraz edəcəklərini bildiriblər.
“İnter”in açıqlamasında deyilir ki, UEFA-nın klubların maliyyə nəzarəti (CFCB) Arbitraj Palatası qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli qərarını qüvvədə saxlayaraq, “İnter” PİK-i növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində iştirak hüququndan məhrum edir. “İnter” PİK bu qərara əsasən apellyasiya üçün 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər. “İnter” PİK bu hüquqdan istifadə etmək niyyətindədir.
Qeyd edək ki, “İnter” klubu Azərbaycan Premyerliqasında 27 turdan sonra turnir cədvəlinin 4-cü pilləsindədir.