Şirvanda mənzildən 71 min manatlıq qızıl-zinət əşyaları oğurlandı: oğrular tutuldu
Şirvanda evə quldur basqını edən oğrular oradan 71 min manatlıq qızıl-zinət əşyaları aparıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan polis şöbəsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şirvan şəhər sakinləri - Mehmandarov küçəsi, 36 ünvanında yaşayan 27 yaşlı Novruzov Zahid Zahir oğlu və leytenant İbrahimov küçəsi, ev 4, mənzil 18 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş 23 yaşlı Ağayev Təbriz Əlioğlan oğlu saxlanılıb.
Adı çəkilən şəxslər bu il yanvarın 15-də səhər 10.00 radələrində qabaqcadan əlbir olaraq Şirvan şəhər sakini, 80 yaşlı Abdullayeva Leyla Əsgər qızının yaşadığı M. Əsədov küçəsi 39 ünvanına oğurluq məqsədi ilə daxil olaraq quldur basqını ediblər. Üzlərində maska olan oğrular xəstə vəziyyətdə yataqda uzanmış 80 yaşlı qadının ağzını əlləri ilə bağlayaraq və cib bıçağını onun boğazına dirəyərək, öldürmək hədəsi altında ondan pul və zinət əşyalarının yerini deməyi tələb ediblər. Oğrular mətbəxdən əldə etdikləri dəmir alətlə ev sahibinin qızına məxsus sandığı sındıraraq oradan 43 növdə bahalı qızıl məmulatları, brilliant daş-qaşlarla bəzədilmiş klonlar, qolbağlar, üzüklər, qol saatları, boyunbağlar, 36 ədəd qızıl onluq, 500 manat nağd pul və “Toshiba” notebooku götürərək oranı tərk ediblər.
Götürdüklərindən qane olmayan oğrular son anda qoca qadının qulağında olan sırğaları da açıblar. Onlar əldə etdikləri külli miqdarda qızıl-zinət əşyalarını Bakı şəhərində müxtəlif adamlara özlərinin dediklərinə görə 10 min manata satıblar. Şirvan şəhər məhkəməsi hər iki şəxs barəsində 4 aylıq həbs-qəti imkan tədbiri seçib.
Faktla bağlı Şirvan polis şöbəsində hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 181.3.2 maddəsi ilə cinayət işi qaldırılıb, istintaq işləri davam etdirilir.