"Sedoy Ağayar"ın yubileyinə basqın: kriminal avtoritetlərlə birlikdə iki tanınmış meyxanaçı tutuldu
Rusiyanın Sverdlovsk vilayət polisi Yekaterinburq şəhərində azərbaycanlı kriminal avtoritet olan Ağayar adlı şəxsin yubiley tədbiri zamanı xüsusi əməliyyat keçirib. APA TV-nin Rusiya mənbələrinə istinadən xəbərinə görə, hüquq-mühafizə orqanlarına Ağayarın ad gününün əslində bəhanə olduğu, əsas məqsədin isə kriminal avtoritetlərin görüşünün təşkili olması barəsində əməliyyat məlumatının sızması göstərilir. Əməliyyat nəticəsində cinayətkar aləmdə nüfuz sahibi olan 200 nəfər həbs olunub.
Onların arasında Azərbaycandan dəvət edilmiş tanınmış meyxanaçılar Ehtiram və İntiqam Rüstəmov qardaşları da olub. Yerli mətbuatın xəbərinə görə, şəhərin Kosmonavtlar küçəsi, 134 ünvanında yerləşən “Qulyaki” kafesində kriminal “sxodka” keçirilirmiş. İddia olunur ki, tanımış azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski Ural regionuna “nəzarətçi” kimi öz adamını - Ağayev Ağayar Hüseyn oğlunu qoymaq istəyib. Kafedə həm bu münasibətlə, həm də Ağayar Ağayevin ad günü ilə əlaqədar mərasim təşkil olunub.
Həbs olunanlar arasında yubileyini keçirən Ağayarın özü, bundan əlavə kriminal dairələrdə yaxşı tanınan Əli, Cavanşir və Vaqif adlı şəxslərin də olduğu bildirilir. Əməliyyatdan sonra əraziyə Azərbaycanın Yekaterinburqdakı Konsulluğunun əməkdaşları da gəlib. Yekaterinburq Daxili İşlər İdarəsindən verilən açıqlamada həbs olunan şəxslərdən silah-sursat, bıçaq və narkotik vasitələrin aşkar edildiyi bildirib. Hazırda fakt üzrə istintaq tədbirləri davam etdirilir.