Obama Putinə səsləndi: "Nüvə arsenalınızı məhdudlaşdırın"

"Ağ ev" rəhbəri Barak Obama Nüvə sammiti öncəsi rəsmi Moskvanı "Orta və yaxınmənzilli raketlərin məhdudlaşdırılması haqqında" razılaşma üzrə öhdəliklərini yerinə yetirməyə çağırıb. APA TV-nin məlumatına görə, prezident bu çağırışı "The Washington Post" qəzetində dərc olunan məqaləsində bir daha Rusiyanın diqqətinə çatdirib.

Prezident həmçinin 2018-ci ilə qədər Rusiya və Amerikanın malik olduğu nüvə başlıqları sayının 1950-ci illərdəki həddə endirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, strateji hücum silahlarının məhdudlaşdırılması barəsində razılaşma 2010-cu ilin aprel ayında Çexiyanın paytaxtı Praqada imzalanıb. Sözü gedən sənəd 1991-ci il və 2002-ci illərdə imzalanan analoji razılaşma müddəalarının yenilənməsini nəzərdə tutur. 2011-ci ilin 5 fevralında hüquqi qüvvəyə minən bu sənədin şərtlərinə gəlincə, burada həm Rusiya, həm də Birləşmiş Ştatlar 2011-ci ilin 6 aprelindən etibarən strateji hücum silahlarının məhdudlaşdırılması üzrə öhdəlik götürür. Eyni zamanda tərəflər bu öhdəliyin yerinə yetirilməsinin yoxlanması üçün hər altı aydan bir qarşılıqlı təftiş işinin həyata keçirilməsini də razılaşdırırlar.

Xatırladaq ki, bu gün Vaşinqtonda Beynəlxalq Nüvə Təhlükəsizliyi Sammiti öz işinə başlayır. Toplantının işində əsas müzakirə mövzusunun nüvə terrorizmi ilə mübarizə olacağı hədəflənir. Bu, nüvə təhlükəsizliyi ilə bağlı ABŞ prezidenti Barak Obamanın təşəbbüsü ilə reallaşan sayca 4-cü, sonuncu sammit olacaq.

Müəllif | Apa.Tv
Apa.tv