Nardaranda Abşeron küçəsinin yenidənqurulması işləri yekunlaşdı

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi məqsədi ilə aparılan kompleks tədbirlər çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Abşeron küçəsinin yenidən qurulması işləri qısa müddət ərzində yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla aparılaraq yekunlaşdırılıb.

 

Küçənin uzunluğu 2,2 km., mövcud eni isə ortalama 8 m idi. Bundan əvvəl küçənin ensiz olması, uzun müddət təmir edilməməsindən yolun hərəkət hissəsinin sıradan çıxmış vəziyyətdə olması, piyadaların normal və təhlükəsiz şəkildə hərəkətinin təşkili üçün səkilərin olmaması, üstəlikişıqlandırma sisteminin yoxluğu ucbatından gecələr yolun işıqlandırılmaması vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Lakin ölkə başçısının tapşırığı ilə yenidən qurulan küçədə artıq sadalanan problemlər tam olaraq aradan qaldırılıb.

 

Layihəyə uyğun olaraq küçə genişləndirilərək 2 gediş, 2 gəliş hərəkət zolağı olmaqla 18 m-ə çatdırılıb. Bunun üçün isə küçə boyu yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü işləri aparılıb. Sökülən evlərin və obyektlərin sahiblərinə qanunvericiliyə uyğun nəzərdə tutulmuş kompensasiya ödənilib.

 

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədovun xüsusi nəzarəti altında yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla aparılan işlər çərçivəsində genişləndirilmiş küçə boyu yeni hasarlar tikilib, suvanıb və rənglənib, sakinlərin həyətlərinin girişinə estetik baxımından küçəyə gözəllik qatan yeni giriş qapıları qoyulub. Yenidənqurma işləri çərçivəsində yeni yeraltı kommunikasiya xətləri çəkilib, köhnələri isə tamamilə təzələnib.


Küçə boyu hər iki istiqamət üzrə 2 m enində yeni piyada səkiləri tikilib, 4500 p/m yeni səki daşıdüzülüb. Səkilərin 8800 m2 sahəsi asfaltlanıb, işıq dirəkləri üçün xüsusi bünövrə tökülüb, dirəklər quraşdırılıb. Abşeron küçəsinin Nəsrulla Əsgərov küçəsi ilə kəsişməsində 10 m diametrində yeni dairə inşa edilib. Dairənin içərisinə bəzək daşları düzülüb.

 

Ümumilikdə küçənin 40 min m2 sahəsinə 3 qat və 25 sm qalınlığında olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Bu işlərə paralel olaraq avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb. 

Müəllif | Apa.Tv
Apa.tv