Ölkədə 30 min uşaq xəstədir - DƏHŞƏTLİ STATİSTİKA
Azərbaycanda 30 minə yaxın uşaqda müxtəlif xəstəliklər aşkarlanıb.
APA-nın xəbərinə görə, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev Azərbaycanda uşaqların icbari dispanserizasiyasının monitorinqinin nəticələri barədə hesabatında ötən il Azərbaycanda 92 faiz uşağın icbari dispanserizasiya tədbirlərinə cəlb olunduğunu qeyd edib.
Onun sözlərinə görə, müayinələr nəticəsində uşaqların 5 faizə qədərində bu və ya digər formada sağlamlığın pozulması riski və xəstəliklər aşkarlanıb.
Baş pediatr sənəddə ötən ildə ölkənin 39 rayonu üzrə 652 min 108 uşağn icbari dispanserizasiyadan keçdiyini, bunların 9 min 237-si sağlamlıq imkanları məhdud, 574-ü valideyn himayəsindən məhrum olan, 24-ü isə cəzaçəkmə müəssisəsində saxlanılan uşaqlar olduğunu açıqlayıb.
Aparılmış müayinələr nəticəsində 8 min 373 uşaqda tənəffüs sistemi, 5 min 039-da qan və qanyaradıcı orqanları, 3 min 121 nəfərdə mərkəzi və periferik sinir sistemi, 2 min 687-də endokrin, 2 min 617-də həzm, 2 min 452-də göz və göz aparatı, 1 954-də ürək qan-damar, 1 386 -da dayaq-hərəkət, 931-də sidik-cinsiyyət sistemi xəstəlikləri müəyyən edilib.
Yekun nəticələrə əsasən, 722-də dəri və dərialtı toxumanın xəstəlikləri, 134-də psixi və davranış pozuntuları, 53-də isə onkoloji xəstəliklər aşkar olunub.