Xaçmazlı 9 yaşlı traktorçu - NONSENS

Xaçmaz rayonu, Həsənqala kənd sakini Eyyub Qəmbərovun 9 yaşı var. APA TV-nin məlumatına görə, balaca qəhrəmanımız xüsusi bacarığı ilə seçilir. Onu həmyaşıdlarından fərqləndirən isə yaşının az olmasına baxmayaraq, traktor idarə etməsidir. Eyyub bir ildən çoxdur ki , traktor sürməyi bacarır. Dediyinə görə,  traktor sürməyi ona əmisi öyrədib. Qəhrəmanımız traktoru idarə etməyi öyrənmək üçün bir ay vaxt sərf edib.


"Əmim dedi ki, gəl traktor sür və o gündən traktor sürməyi mənə öyrətdi. Birinci dəfə çətin oldu, sonra sərbəst sürdüm. Sərbəst sürəndən sonra arx atıram, ot biçirəm, ot gətirirəm, hər şey eləyirəm. Birinci dəfə sürət qutusunda dəyişmələri öyrəndim. Amma yenə mənim üçün bir az çətin oldu, daha sonra asta-asta öyrəndim. İndi sərbəst sürürəm. Evə nə isə lazım olanda gedib traktorla alıb gətirirəm".

Eyyub təsərrüfatlarındakı bir çox işi bu texnika vasitəsilə görür. Bağda və tarlada lazım olan işləri traktorla yerinə yetirir. Həmçinin yay mövsümündə mal-qara üçün lazım olan ot tədarükünü də traktor vasitəsi ilə həyata keçirir. Lakin balaca sürücünün valideyni oğluna traktoru tək sürməyə icazə vermir. Təsərrüfatda iş görərkən onu nəzarətdən kənarda qoymur.

"Qardaşoğlu həvəskar idi. İşə həvəsi var idi. Deyirdi əmi, məni də apar iş görüm, ot biçim, ot yığım. Gördüm həvəsi var, gedəndə onu da özümlə apardım. İndi məndən yaxşı iş görür. Həvəskardır, vermişəm traktoru özü işləyir. Yaxşıdır, pis deyil".

 

Balaca sürücü gələcəkdə nəqliyyat vasitələrinin bütün növlərini idarə etməyi qarşısına məqsəd qoyub. 

Müəllif | Apa.Tv
Vəli Turan