Cəhənnəm kimi qara, sevgi qədər şirin QƏHVƏ

Qəhvə cəhənnəm kimi qara, ölüm kimi qüvvətli, sevgi kimi şirin olmalıdır.

 

Bir çox insanların rahatlıq tapdığı, bəzi insanların vərdiş etdiyi, yuxuqaçıran, qəhvəyi rəngli isti içki...

 

Əfsanəyə görə, həyat tonusunu qaldıran qəhvəni Kaldi adlı efiopiyalı çoban kəşf edib. Çoban keçilərin qəhvə yarpağı və kökünü yedikdən sonra gecələr daha gümrah və aktiv olduğunu görüb. O bu qeyri-adi hadisəni kilsədəki keşişə danışıb. Bundan sonra həmin keşiş o qəhvənin  toxum və yarpaqlarından içki hazırlayıb. İçki sınaq üçün gecələr yatmayan, oyaq qalan keşişlərə verilib və sınaq uğurlu alınıb.

 

Qəhvə bir çox bitkilərin qızardılmış taxıl və qara toxumundan əmələ gəlir. 14-cü əsrə qədər qəhvə Efiopiyada üyüdülməmiş formada istehsal olunurdu. Daha sonra qəhvə ağacı Ərəbistan yarımadasına gətirilir, 16-cı əsrdə Osmanlı imperiyasında geniş şəkildə yayılmağa başlayır. 16-cı əsrin sonlarında Avropa tacirləri ərəb limanlarından qəhvə alıb Avropaya gətirirlər. 17-ci əsrdə müsəlman tacirləri qəhvə toxumunu  gizli şəkildə Cənubi Hİndistana qədər aparırlar. Bəhs etdiyimiz əsrin sonlarında hollandiyalı tacirlər onu gizli şəkildə Sumatraya gətirir və bununla da ərəblərin qəhvə üzərindəki monopoliyasına son qoydu.

 

Hazırda qəhvənin 90-a  yaxın növü yetişdirilir. Ən çox istehsal olunan və içilən iki növü  var. Onlardan biri "arabika L", digəri "Pierre ex Froehn"dir. Təxmini hesablamalara görə, istehsal olunan qəhvənin 98 faizi bu iki növə aiddir.

 

Qəhvənin "Robusta" növü isə həşəratlara daha dözümlüdür. Və dəniz səviyyəsindən 600 metr hündürlükdə yetişdirilir. Əsasən Afrika, Hindistan, İndoneziya ölkələrində daha çox rast gəlinir. Toxumun forması yumru, rəngi isə açıq qəhvəyi və boz yaşıldır. Bu qəhvə öz ətrinə  görə daha çox sevilir.

 

Dünyanın ən bahalı qəhvə sortları "Kopi Lyuvak" və "Kape Alamid"dir. Bu qəhvənin bir fincanı 50-75 dollardır.

 

Əvvəllər gümrahlığı bərpa etmək üçün qızardılmış toxumdan deyil, çiy qəhvənin meyvələrindən istifadə edirdilər. Sonra Yəməndə qəhvənin  nanəli  "kişr" növü istehsal olunmağa başladı. Buna ağ Yəmən qəhvəsi də deyilir.

 

12-ci əsrdə çiy qəhvədən içki hazırlamağa başladılar, daha 100 il sonra qəhvə ağaclarından toxumları dərib qurudub, qızardıb, üyüdür, əldə edilən tozun üstünə qaynar su töküb içirdilər. Ərəblər bu içkiyə zəncəfil, darçın bəzən süd qatırdılar.

 

1475-ci ildə İstanbulda ilk xüsusi "Kiva Xan" adlı qəhvə dükanı açılıb. Sonra İstanbulda 1564-cü ildə ilk ictimai qəhvə yeri açılıb. Tarixçilər yazır ki, bir dəfə Osmanlı vəziri Mehmet Köprülü sadə vətəndaş paltarı geyinib qəhvə məkanlarına gedib ki, orda hakimiyyət haqqında fikirlərə qulaq assın. O məkanlarda heç bir yaxşı söz eşitməyən vəzir əmr edir ki, qəhvə məkanlarını bağlasın və qəhvə içilməsinə qadağa qoyulsun.

 

1511-ci ildə isə Məkkənin qubernatoru qəhvə içənlərin onun hakimiyyətinə təhdid və təhlükəli olduğunu deyib qəhvəyə qadağa qoyur. Bundan sonra Sultana Məkkə sakinlərindən çoxlu şikayət gəlir. Sultan öz növbəsində qəhvəni müqəddəs içki adlandırır, qadağanı ləğv edir, qubernatoru isə edam etdirir. 

 

18-ci əsrdə avropalılar qəhvə köklərini bir çox tropik ölkələrə apardılar. Hazırda qəhvə 65 çox ölkədə yetişdirilər. Ən çox qəhvə istehsalı Braziliyanın payına düşür. Dünyada istehsal olunan qəhvənin təxminən 40 faizi bu ölkənin payına düşür.  

 

Yuyulmuş qəhvə dənələri böyük beton yolun üzərinə səpilir, qurudulmaq üçün 15-20 gün yolda qalır. Toxumların yaxşı quruması üçün bu müddət ərzində hər 20 dəqiqədən bir qarışdırılır. Hərdən onların daha tez quruması üçün texniki quruduculardan da istifadə olunur. Toxumlarda müəyyən miqdarda nəmliyin qorunması çox vacibdir. Əks halda toxumlar həddən artıq quruyur və sınmağa başlayar. Quruduqdan sonra qəhvəni kisələrə doldurub emal üçün sexlərə göndərirlər.

 

Bəhs etdiyimiz içki növünün yanında çox vaxt bir badə su olduğunu da görürük. Bunun isə özünəməxsus tarixi keçmişi var. Osmanlı imperiyası dövründə evə qonaq gələndə ev sahibi qonağa bir fincan qəhvə verir, yanında da bir badə su qoyardı. Əgər qonaq suyu qəhvədən əvvəl içərsə, qonağın ac olduğu anlamına gəlirdi. Və tez süfrə açılırdı. Əgər əksi olarsa - yəni, qonaq qəhvəni sudan öncə içərsə, bu onun tox olduğu, sadəcə söhbət etmək üçün gəldiyi anlamı daşıyırdı. Qısası, qonaq qarnım ac deməz, su ilə eyham vururmuş, ev sahibi isə acsan, toxsan deyə soruşmaz, su ilə halını soruşar.

 

Suyun qəhvənin yanına qoyulmasının başqa səbəbi isə padşahların həyat təhlükəsizliyi ilə əlaqədar olub. Belə ki, yeməklərin zəhərli olub olmadığını  təyin etmək üçün xüsusi adamlar qəhvənin dadına baxırmış. Qəhvə təkadamlıq hazırlananda padşah qəhvəyə barmağını batırıb, sonra suya salarmış. Suyun rənginə görə qəhvənin zəhərli olub-olmadığı aydınlaşarmış.

 

Bu içki ilə əyləncə məqsədi ilə həm də fala baxırlar. Belə ki, qəhvə içilir, içildikdən sonra 10 dəqiqə gözlənilir, arzu tutulur və fincanın içindəki qəhvə qalıqlarına əsasən fala baxılır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd