Bəşər Əsəddən gözlənilməz açıqlama: "Növbədənkənar seçkilərə hazıram"
Suriya prezidenti Bəşər Əsəd xalq tələb edərsə ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsinə hazır olduğunu bəyan edib. APA TV-nin xəbərinə görə, bu fikirləri o, Rusiya mətbuatına müsahibəsi zamanı səsləndirib.
"Bu, Suriya xalqının prezident seçkiləri ilə bağlı mövqeyindən asılıdır. Əgər Suriya xalqı bunu istəyərsə, o zaman mən də prezident seçkilərinin keçirilməsinə hazıram".
B. Əsəd həmçinin Suriyada prezident seçkiləri keçirilməsi tələbinin hazırkı siyasi prosesin tərkib hissəsi olaraq irəli sürülmədiyini bildirib. Xatırladaq ki, fevralın 22-də BMT TŞ tərəfindən qəbul olunan qətnamə ölkədə il yarım ərzində parlament seçkilərinin keçirilməli olduğunu müəyyən edir.
Bu arada, fevralın 22-də Bəşər Əsəd sözü gedən seçkilərin cari ilin aprel ayının 13-də keçirilməsi haqqında fərman verib. Sözü gedən sənəd Rusiya və ABŞ arasında Suriyada atəşkəs elan olunması ilə bağlı razılıq əldə olunduqdan sonra imzalanıb.
Daha öncə Vyana danışıqlarında keçiriləcək seçkilərdən öncə yeni konstitusiyanın qəbul edilməsini nəzərdə tutan sülh planı hazırlanıb. Mövcud konstitusiyaya görə, Suriyada növbəti prezident seçkiləri yalnız 2021-ci ilin iyun ayında keçirilməlidir. Lakin, həmin görüş zamanı tərəflər Bəşər Əsədin sonrakı taleyi ilə bağlı razılığa gələ bilməyib.