Somalidə öldürülən azərbaycanlı qadının cənazəsi sabah Azərbaycana gətiriləcək
Somalinin paytaxtı Moqadişo yaxınlığında naməlum silahlılar içərisində Türkiyə və Azərbaycan vətəndaşlarının, eləcə də yerli sakinlərin olduğu xidməti avtomobilə hücum ediblər. APA TV-nin məlumatına görə, müəllim və şagirdləri aparan mikroavtobusa silahlı hücum zamanı dünyasını dəyişən Azərbaycan vətəndaşının Göyçay rayon, Ləkçiplaq kənd sakini, 1982-ci il təvəllüdlü İsmayılova Kəmalə Savalan qızı olduğu müəyyənləşib. Hücum zamanı onun iki oğlu - 11 yaşlı Nihad İsmayılov və 10 yaşlı Nicat İsmayılov ağır bədən xəsarətləri ilə paytaxt xəstəxanalarından birinə yerləşdirilib. Hadisə barədə xəbər tutan Kəmalə İsmayılovanın həyat yoldaşı İsmayılov Əflatun Veysəl oğlu koma vəziyyətinə düşüb.
Əflatun İsmayılovun dayısı Tofiq Mikayılov və əmisi oğlu Zöhrab İsmayılov APA TV-nın yerli bürosuna bildiriblər ki, Kəmalə İsmayılovanın cənazəsi sabah Somaildən İstanbula, oradan da Bakıya göndəriləcək. Xəsarət alan uşaqlar isə Moqadişo xəstəxanasında cərrahiyyə əməliyyatı olunub və hazırda vəziyyətləri yaxşıdır. Onların müalicəsi Türkiyədə davam etdiriləcək. Hadisə barədə məlumatı eşidəndən koma vəziyyətinə düşən ailə başçısı Əflatun İsmayılov da hazırda Moqadişo xəstəxanasındadır və həkimlər onu komadan çıxarmaq üçün tədbirlər görürlər.
Qeyd edək ki, uzun müddət ailəsi ilə birgə Türkiyədə yaşayan və sonradan işləmək üçün Somaliyə göndərilən Əflatun İsmayılov “Turkish Airlines” şirkətinin Somalidəki nümayəndəliyində və türk turizm şirkətində çalışır. Onun həyat yoldaşı Kəmalə İsmayılova isə Moqadişoda fəaliyyət göstərən Türk Özəl Liseyində müəllim işləyib.
Əflatun İsmayılovun dayısı Tofiq Mikayılov hadisə barədə dünən axşam xəbər tutduqlarını deyib: "Axşam saat 22:25 radələrində qardaşım zəng elədi ki, belə bir məlumat almışıq. Ora-bura zəng elədik. Gördük ki, xəbər doğrudur. Qorunan ərazidə uşaqlar, müəllimlər bir sahədən digər sahəyə həmişə maşınla gedirlər. Kiçik mikroavtobusla getdikləri zaman terrorçular atəşə tutublar".
Əflatun İsmayılovun əmisi oğlu Zöhrab İsmayılov terror aktını pisləyib: "Əflatun İsmayılov 8-ci sinifdən Türkiyəyə imtahan verdi. İki qardaş, bir bacı o məktəbi qazandılar. Ondan sonra Əflatun turizm şirkətində qalıb işlədi. 20 ilə yaxın idi ki, turizm şirkətində işləyirdi. 2004-cü ildə ailə qurdu. Vətənini sevən, millətini sevən biri idi. Türkiyədə olduğu müddətdə bütün azərbaycanlılara yardım edirdi. Biz də terroru pis qarşılayırıq. Çünki insanlığa sığmayan bir şeydir".
Xatırladaq ki, Somalidə silahlı hücuma məruz qalan Özəl Türk Liseyinə məxsus mikroavtobusda 6 müəllim və 6 şagird olub. Hadisə nəticəsində 5 nəfər ölüb.