Ermənilərin Azərbaycanda törətdiyi soyqırımlarına dair kitabların təqdimatı keçirilib
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 2-ci “Şuşa qrantı” birgə müsabiqəsinin qalibi olmuş qrant layihələri çərçivəsində nəşr edilmiş “Ermənistanın Azərbaycana təcavüzü” adlı 3 cildlik kitabın və “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix – olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyasının təqdimat mərasimi keçirilib.
APA TV -nin məlumatına görə, tədbirdə dövlət və hökumət strukturlarının, akademik dairələrin, təhsil qurumlarının, ictimai birlik və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
“Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix – olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyasının müəllifi Musa Qasımlı, “Ermənistanın Azərbaycana təcavüzü” kitabının müəllifi isə Elçin Əhmədovdur.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev deyib ki, kitablar xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, ali məktəblərin beynəlxalq münasibətlər, beynəlxalq hüquq, hüquqşünaslıq, politologiya, regionşünaslıq, tarix ixtisası üzrə təhsil alan tələbələri və magistrantları, eləcə də müəllimlər üçün faydalı ola bilər.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bildirib ki, müstəqil Azərbaycan dövləti qorunmalıdır: “Dünyada 5 min millət və xalq, yalnız 200 dövlət var. Dünyada elə xalq yoxdur ki, qurduqları dövlətdə 10 milyon, xaricdə isə 40 milyonu yaşasın. Yəni asimmetrik bir vəziyyət var. Azərbaycan gəncliyi bu barədə də fikirləşməlidir”.
Millət vəkili Elman Məmmədov qeyd edib ki, ermənilər Azərbaycan türklərinə qarşı soyqırım törətdikləri halda, özlərini soyqırımına uğramış kimi dünyaya təqdim ediblər: “Aprelin 24-də dünyada bütün ermənilər bir gül götürüb, yalançı “soyqırım”ı yad edirlər. Biz 31 martda xalqımızın soyqırımına uğramasını kütləvi şəkildə qeyd etməliyik".
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bəyan edib ki, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlar dünya ictimaiyyətinə çatdırılmalıdır. Hər iki nəşrin elmi redaktoru olan Ə. Həsənov kitabları yüksək qiymətləndirib və xarici dillərə tərcümə edilərək yayılması təşəbbüsünü dəstəkləyib:
“Son 200 ildə Azərbaycan xalqına qarşı dayanmadan soyqırımı aktları həyata keçiriblər və torpaqlarımızda dövlət qurmaq ideyasını həyata keçirmək üçün heç nədən çəkinməyiblər. 1918-ci ildə Rusiya imperiyasının dağılması və hakimiyyət uğrunda mübarizənin başlaması, erməni mürtəce dairələrinin mübarizəsi fonunda bir neçə gün ərzində Azərbaycan xalqına qarşı böyük soyqırımı həyata keçirilib. Bir neçə gün ərzində Bakı əhalisinin dörddə biri Şaumyan başda olmaqla, silahlı erməni dəstələri tərəfindən qətlə yetirilib. Həm də tək Bakı deyil, Bakıdan kənarda da on minlərlə soydaşımızı qətlə yetiriblər. Heydər Əliyev ümumiləşmiş simvol olaraq 31 martı azərbaycanlılara qarşı soyqırım günü kimi rəsmiləşdirdi”.
Tədbir çıxışlarla davam edib.