Diyarbəkir terrorunu həyata keçirənin görüntüsü yayıldı

Türkiyənin Diyarbəkir şəhərində 7 nəfərin ölümü, 27 nəfərin yaralanması ilə nəticələnən terror hücumunun yeni görüntüləri yayılıb.

 

APA TV-nin "Ensonhaber.com" saytına istinadən verdiyi məlumata görə, yayılan yeni görüntüdə polis kortejinə hücumda istifadə olunan "Ford" markalı avtomobilin tərk edilməsi əks olunub.

 

Görüntülərdən də aydın görünür ki, terror hücumunu həyata keçirən şəxs avtomobili polis kortejinin keçəcəyi yolun kənarına sürür. Daha sonra o, avtomobili elə oradaca qoyaraq ərazini sürətlə tərk edir. Hələlik terrorçunun kimliyi bilinməsə də, türk polisi araşdırmaları davam etdirir.

 

Məlumat üçün bildirək ki, kürdlərin daha çox yaşadığı Diyarbəkir şəhərində güclü partlayış baş verib. Polisləri aparan avtobus hərəkətdə olarkən kənarda içərisinə partlayıcı maddə qoyulan avtomobil partladılıb. Ən son məlumata görə, terror hücumu zamanı 7 polis şəhid olub, 14-ü mülkü şəxs olmaqla 27 nəfər yaralanıb.

 

Yaralıları Diyarbəkir Hərbi Hospitalına və müxtəlif xəstəxanalara aparıblar. 

Müəllif | Apa.Tv