Neftin qiyməti 40 dollar ətrafında sabitləşir
Dünya bazarında "qara qızıl"ın qiyməti 40 dollar ətrafında sabitləşir. APA TV-nin məlumatına görə, dünən birjaların səhər seanslarında 39,66 dollardan satılan "Brent" nefti gün ərzində bahalaşma trendində olub. Ötən gün bu markadan olan neftin qiymətində maksimum hədd qeydə alınıb - 40,78 dollar. Sonradan isə qiyməti ucuzlaşmağa başlayan "Brent"in bir bareli 39,82 dollara düşüb.
Qərbi Texas nefti də dünən günorta seanslarında 39 dollardan satılsa da, sonradan ucuzlaşıb. Hazırda WTI nefti 37,82 dollardan satılır. Bu 24 saat əvvəlki qiymətdən ciddi şəkildə fərqlənmir, lakin günlük maksimumdan 1,2 dollar ucuzdur.
Ekspertlər neftin bahalaşmasının dünyada dolların ucuzlaşması ilə izah edirlər. Dolların ucuzlaşması neftin bahalaşmasını təmin etdiyindən, treyderlər proqnozları dolların kursuna nəzərən verməyi üstün tutur.