Belçika Paris terrorunun təşkilatçısını Fransaya təhvil verəcək
Brüssel Məhkəməsi martın 18-də Molenbek rayonunda keçirilən xüsusi əməliyyat zamanı həbs olunan Salah Abdeslamın Fransaya ekstradisiyasına razılıq verib.
APA TV-nin məlumatına görə, Fransa vətəndaşı olan 26 yaşlı S.Abdeslam 2015-ci ilin noyabrında Parisdə terror aktının törədilməsində ittiham olunur.
Bu arada vəkili həbs olunduğu gündən istintaqla əməkdaşlıq etməyən Salah Abdeslamın ifadə verməyə hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, ötən həftə Fransada yeni terror hücumlarının hazırlanmasında şübhəli bilinən 34 yaşlı Reda Kriket də ələ keçirilib. Polis həbs olunan R.Kriketə qarşı terrorçuluq ittihamı irəli sürüb.
Bundan sonra Fransa və Belçika hüquq-mühafizə orqanları sərhəd zonalarında birgə əməliyyatlara başlayıb.