Ərdoğan: "Terror bəlasını ölkəmizin gündəmindən çıxaracağıq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da Diyarbəkirdə baş verən terror aktı ilə bağlı açıqlama verib.

 

APA TV-nin məlumatına görə, Ərdoğan təhlükəsizlik qüvvələrinə qarşı edilən hücumu qınayaraq PKK-nın gerçək üzünü göstərdiyini deyib: "Diyarbəkirdə təhlükəsizlik qüvvələrimizə qarşı edilən hücumu ən şiddətli şəkildə lənətlədiyimi bildirmək istəyirəm. Xain hücumda 7 polis əməkdaşımız şəhid olub, 13-ü yaralanıb. Mən həyatını itirən polislərimizə Allahdan rəhmət, yaralılarımıza Rəbbimdən şəfa diləyirəm. Şəhidlərimizin ailələrinə, yaxınlarına və bütün millətimizə başsağlığı verirəm"

 

Prezident həmçinin deyib ki, bu cür hücumlar Türkiyənin terrorla mübarizə əzmini heç vaxt qırmayacaq: "Küncə sıxışdırılan terror təşkilatı kirli üzünü ifşa edir. İnşallah, terror bəlasını ölkəmizin gündəmindən çıxaracağıq. Məsum insanların qanını axıdan terrorçulara "terrorçu" deyə bilməyənləri də görürük. Bu hücumların Avropanın PKK-nın gerçək üzünü görməsinə vəsilə olmasını diləyirəm".

 

Türkiyənin hazırda qanlı terror təşkilatlarının ortaq hədəfinə çevrilən ölkə olduğunu deyən Ərdoğan bildirib ki, buna rəğmən, Türkiyə mübarizəsini davam etdirəcək və terrorçuları ölkədən tamamilə çıxaracaq.

Müəllif | Apa.Tv