Azərbaycanda ali məktəblərə ərizə qəbulu başladı

Bu gündən 2016/2017-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlayıb.

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın mü­va­fiq internet səhifəsi­nə daxil olub, şəxsiyyəti təsdiq edən sənəd və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını dol­durmalıdırlar. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nöm­rəsinə boş SMS göndər­mək­lə əldə etmək olar. 


Ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə abituriyentlərin ərizələrinin qəbulu aprelin 1-dən 28-dək, V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına ərizələrin qəbulu  mayın 3-dən 17-dək aparılır. I-IV ixtisas qruplarından hər hansı biri üzrə ərizə verib, həm də V ixtisas qrupunun və ya tam orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinin ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər ikinci bir ödəmə kartı almadan I-IV qruplar üzrə ərizə doldurarkən istifadə etdikləri ödəmə kartı vasitəsilə qeydiyyatdan keçirlər.

 

“Abituriyentin elektron ərizəsi” forması doldurulduqdan sonra ərizələr təsdiq edilməlidir.

 

Qəbul imtahanları Bakı, Sumqayıt, Naxçı­van, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Göyçay, Mingəçevir və Ağcabədi şəhərlərində keçirilir.

 

I-IV ixtisas qrupları üzrə qəbul imtahanı əvvəlki illərin məzunları üçün may ayında, cari ilin məzunları üçün isə iyul ayında keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv