Ağstafada dəhşət: ata 6 yaşlı oğlunu döyüb öldürdü

Ağstafada ata 6 yaşlı oğlunu döyərək öldürüb. APA TV-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Qırlı kəndində qeydə alınıb.

 

Kənd sakini Famil Pərvanəyev həyətdə üç yaşlı bacısı ilə oynayan 6 yaşlı oğlu Şəmsəddinə qəzəblənib. Uşağı ağac parçası ilə möhkəm döydüyünü görən nənə onu atasının əlindən almaq istəsə də, bacarmayıb. Famil Pərvanəyev qadına da zərbələr endirib.

 

Məhəmməd Musayev: "Mən gələndə gördüm ki uşaq nənəsinin qucağındadır burda. Dedim nə olub. Dedi ay Məhəmməd, uşaq ölür. Uşağı aparıb baxdım, gördüm uşağın ürəyi hələ vurur. Yoldaşıma dedim ki, filan iynələri gətir vur. O da kömək eləmədi, uçaq keçindi".

 

Kənd sakinləri bildirib ki Famil Pərvanəyev tüfeyli həyat tərzi keçirən adamdır. O, Qazax rayonunda həyat yoldaşından boşanaraq, Ağstafanın Qırlı kəndinə gəlib və burada ikinci dəfə evlənib:

 

Məhəmməd Musayev: "4-5 aydır o ailə qayınanasının 47 manatı hesabına dolanırlar. Dəfələrlə ona demişəm ki, get işlə. Dəfələrlə yoldaşını döyüb, gözləri çəp olub. Uşaq oynadığı yerdə xoşuna gəlməyib".

 

Şaiq Tanrıquliyev: "Əgər onu atası vurub öldürübsə, ona güclü cəza verilməlidir. O qədər gözəl uşaq idi ki. Soruşdum Məhəmməd bu uşaq kimdir, dedi qardaşım nəvələridir".

 

Cinayəti törədən Famil Pərvanəyev saxlanılıb.

 

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.

Müəllif | Apa.Tv
Azər Məmmədli