Mühasirə yarılmayıb: üzük qaşı kimi dövrəyə alınan binadan REPORTAJ
Yenidən paytaxtın Xətai rayonu, general Əliağa Şıxlinski küçəsi, 3-a ünvanındayıq. Xatırlayırsınızsa, bir ay əvvəl sakinlər binanın həyətində aparılan qanunsuz tikililərlə bağlı APA TV-yə müraciət etmişdilər. Qeyd olunan ünvandakı bina az qala üzük qaşı kimi mühasirəyə alınıb. Binanın giriş və arxa hissəsində yeni tikililər inşa olunub, üstəlik bu tikililər daş hasara alınıb. Bununla bağlı Xətai rayon İcra Hakimiyyətindən qanunsuz tikililərin söküləcəyi vəd verilsə də, ərazidə dəyişən heç nəyin olmadığı göz qabağındadır.
Sakinlər deyir ki, APA TV problemi işıqlandırdıqdan sonra Xətai Rayon Mənzil Kommunal İstismarı sahəsi sözügedən əraziyə baş çəkib, tikintisinə başlanılmış növbəti hasarın inşası yarıda dayandırılıb, amma nə uşaqların, nə böyüklərin dincəlməsi, üçün heç bir abadlıq işi aparılmayıb. Bundan başqa sakinlərin haqlı narazılığına səbəb olan həyətə qalxan pilləkənlərin qarşısı bağlayan hündür hasar isə sökülməyib.
"Görülən işlərin nəticəsini bu şəkillə sizə ifadə edə bilərəm. Baxın görün bu binada yaşayan uşaqlar həyətdə hansı təhlükəli vəziyyətdə oynayır. Mən həsəd aparıram çöl-çəməndə oynayan uşaqlara, ən azı bilirsən ki onlar daşdan, armaturdan uzaqdırlar".
"Bura yalnız Mənzil İstismar Sahəsinin əməkdaşları gəlib baş çəkib, həyətdə təmizlik işləri aparıb, 3-4 ədəd oturacaq qoyub getdilər".
"Bilirsiniz biz yalnız uşaqların rahatlığının təmin olunmasını, bina sakinlərinin həyətə giriş-çıxışının tənzimlənməsini istəyirik, həyətdə hərəkət etməyə yer yoxdur".
"Bakıda hər bir binanın qarşısında sakinlərinin istirahəti üçün sahə ayrılıb. Bu binanın tikintisində iştirak etmişik, ümumi həyətyanı sahə ilə bağlı da əlimizdə rəsmi sənədlərimiz var. Abadlaşdırmaq lazımdır, girmək olmur-çıxmaq olmur, əgər burada yanğın hadisəsi baş versə, əhali faktiki mühasirədə qalacaq".
Müşahidələrimiz göstərir ki, həyətdə az da olsa səliqə-sahman yaradılıb, tikinti materialları bir küncə yığılıb, urnaların yeri dəyişdirilib. Amma görülən işlər elə bu qədərdir.
Martın 1-də efirə getmiş süjetimizdə məsələyə münasibət bildirən Xətai rayon icra hakimiyyətinin baş memarı Vadim Surxayev bildirmişdi ki, rayon ərazisində abadlıq işlərinə start verilib. Elə ərazilər var ki, orada qanunsuz salınan bağ-bostan hissələri ləğv edilib. O ki qaldı binanın qarşısındakı sakinlərin yola çıxışını bağlayan hasara və binanın arxa girişindəki köhnə tikililərə Vadim Surxayev problemin tezliklə öz həllini tapacağını demişdi.
"Çünki bunlar mövcud köhnə tikililərdir. Hazırda bununla bağlı icra hakimiyyəti tərəfindən təftiş aparılır. Təftiş zamanı tikintinin mənsubiyyəti bəlli olduqdan sonra bununla bağlı qərar qəbul ediləcək. Ay ərzində rayonun digər ərazilərində keçirilən təftişlərin nəticəsi məlum olacaq və buna uyğun qərar qəbul ediləcək".
Problemin aktuallığını nəzərə alıb yenidən Xətai rayon İcra Hakimiyyətinin baş memarı Vadim Surxayevlə əlaqə saxlamağa çalışsaq da, qurumdan baş memarın səhhətində problem olduğu üçün işə çıxmağını bildirdilər. Qurumun digər rəsmilərindən isə məsələ münasibət öyrənmək mümkün olmadı.