Jurnalist Rasim Əliyevi öldürənlərə ağır cəza - 45 İL
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən 1994-cü il təvəllüdlü Elşən İsmayılov, 1990-cı il təvəllüdlü Samir Mustafayev, 1995-ci il təvəllüdlü Camal Məmmədov, 1995-ci il təvəllüdlü Kənan Mədətov və 1996-cı il təvəllüdlü Arif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA TV-nin Lent.az-a istinadən məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Elşən İsmayılov 13, Arif Əliyev 12 il 6 ay, Camal Məmmədov 11 il, Kənan Mədətov və Samir Mustafayev isə 9 il il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror çıxışında Elşən İsmayılov və Arif Babayevə 14 il, Camal Məmmədova 12 il, Kənan Mədətov və Samir Mustafayevə 11 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası tələb edib.
Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.
C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.