Şahdağ Milli Parkının Şabran ərazisində tikilən binasına baxış keçirilib
Şahdağ Milli Parkının Şabran rayonunun Pirəmsən kəndi ərazisində inşa olunan inzibati bina kompleksinə baxış keçirilib. Bina kompleksi ilə tanışlıq mərasimində ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov da iştirak edib.
Yeni inzibati bina kompleksi inzibati binadan, ekoturizm mərkəzindən və Milli Parkın yerləşdiyi 6 inzibati rayonun (Quba, Qusar, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ) ərazilərində tikilən nəzarət-buraxılış məntəqələrindən ibarətdir. Milli Park həmçinin, texniki avadanlıqlarla, çətin şəraitdə hərəkət edə bilən qarda yeriyən nəqliyyat vasitələri ilə də təchiz edilib.
APA TV-nin xəbərinə görə, ekoturizm mərkəzində vəhşi təbiətin canlı müşahidə olunması, turistlərin məlumat alması və ekoloji maarifləndirilməsi, bələdçi xidmətindən istifadə olunması, turizm avadanlıqlarının icarəyə verilməsi üçün şərait yaradılıb.
Şahdağ Milli Parkı ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması, zənginləşdirilməsi, çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin və torpağın münbit qatının qorunub saxlanılması məqsədilə yaradılıb.