Göyçayda canavar hücumu: 38 qoyunu parçaladılar

Göyçay rayonunda tövləyə hücum edən canavarlar 38 baş qoyunu parçalayıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun Yalman kəndində qeydə alınıb.

 

Kənd sakini Salahov Rəhman Saleh oğluna məxsus qoyunlar gecə saatlarında tövlədə olarkən qəflətən canavarların hücumuna məruz qalıb. Vəhşi heyvanlar 20 baş qoyunu parçalayaraq öldürüb, 16 baş qoyuna ağır xəsarət yetiriblər, 2 baş qoyunu isə aparıblar. Ev sahibi yatmış olduğundan, hadisədən gec xəbər tutub. Fermerə ümumilikdə 4 min manata yaxın maddi ziyan dəyib. Yaralı qoyunlar baytar həkimlərin nəzarətinə götürülərək müalicə olunur. Ölən qoyunlar isə dezinfeksiya edilərək torpağa basdırılacaq.

 

Rəhman Salehov vəhşi heyvanların tez-tez kəndə hücum edərək, qoyunlara və ev quşlarına ziyan vurduğunu deyib. Onun sözlərinə görə, kənddə heyvandarlıqla məşğul olan şəxslər vəhşi heyvanların hücumundan qorunmaq üçün ov tüfəngindən istifadəyə icazə verilməsini istəyirlər. Kəndlilər canavar və çaqqalların sayının xeyli artdığını, onların ev heyvanları ilə yanaşı, insanlara, azyaşlı uşaqlara da hücum etdiyini deyirlər. Ov tüfəngindən istifadəyə görə cərimə tətbiq olunacağından ehtiyat edən sakinlər əziyyətlə bəslədikləri heyvanların gözlərinin qarşısında vəhşi heyvanlar tərəfindən tələf edildiyini deyirlər. Rəhman Salehov canavarları öldürmək üçün deyil, heç olmasa, qorxutmaq üçün tüfəngdən havaya atəş açmağa icazə verilməsinə görə aidiyyəti qurumlardan kömək istəyir.

 

Qeyd edək ki, canavarlar martın 13-də Yalman kəndində 25 baş qoyunu, fevralın 18-də isə Ləkçiplaq kəndində 15 baş qoyunu parçalayıb.

Müəllif | Apa.Tv
Elvin Yaqubov