Qadın qohumlarını soyan Gəncə sakini tutuldu
Gəncə şəhər sakini Göygöldə qohumu olan iki qadına qarşı soyğunçuluq edib.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, 36 yaşlı Gəncə sakini Şirxan Ələkbərov Göygöl rayonunun Xəqani kəndində yaşayan qohumu Nargilə Hüseynovanın yaşadığı mənzilə qanunsuz daxil olaraq, ev sahibinə və onun qızı Nuranəyə taxta parçası ilə müxtəlif bədən xəsarətləri yetirib. Sonra isə zərərçəkənlərdən ailənin kürəkəni Seymur Orucovun yerini deməyi tələb edib.
Nuranə həyat yoldaşı Seymurun yerini bilmədiyini və ondan ayrıldığını bildirib. Şirxan Ələkbərov qadınlardan Seymuru axtarıb tapması üçün yol pulu vermələrini tələb edib. Qadınlar isə yenidən döyüləcəklərindən qorxaraq soyğunçuya 40 manat nəğd pul veriblər. Şirxan Ələkbərov bununla da razılaşmayaraq Nargilə Hüseynovanın barmağında olan qızıl üzüyü və qulağındakı 1 cüt qızıl sırğanı, eləcə də onlara məxsus mobil telefonu soyğunçuluq yolu ilə ələ keçirib. Sonda isə ev sahiblərinə hədə-qorxu gəlməklə onları polisə məlumat verməkdən çəkindirib.
Hadisə ilə bağlı məlumat alan Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları Şirxan Ələkbərovu isti izlərlə məsuliyyətə cəlb edə bilib: "Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Ələkbərov Şirxan Məcnun oğlu Qusar rayonu ərazisində saxlanaraq istintaqa təhvil verilib. Onun barəsində Göygöl rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Ələkbərov Şirxan Məcid oğlunun ətrafında əməliyyat istintaq tədbirləri davam etdirilir".
Saxlanılan şəxs törətdiyi cinayətə görə özünü qismən təqsirli bilib. Hadisə vaxtı sərxoş olduğundan etdiyi əməlləri yaxşı xatırlamadığını, niyyətinin isə qohumu olan Seymuru tapmaq olduğunu deyib: "İçkili halda getdim. Kürəkəni lazım idi, tapa bilmədim. Hadisə baş verdi. Əməlimdən çox peşmanam".
Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb, istintaq aparılır.