İsmət Abasov fermerlərlə görüşdü

Kənd təsərrüfatı naziri İsmət Abasov Ağdam, Ağcabədi, Tərtər, Beyləqan, İmişli, Füzuli, Laçın və Xocavənd rayon sakinləri ilə görüşüb. APA TV-nin xəbərinə görə, nazir rəhbərlik etdiyi qurumun səlahiyyətlərinə aid olan problem və müraciətlərin yerindəcə həllinə göstəriş verib.

 

İsmət Abasov son illər ölkəyə gətirilmiş cins mal qaranın saxlandığı müəssisələrə baş çəkib və 2013-cü ildə tam istifadəyə verilmiş Regional Baytarlıq Laboratoriyasının işi ilə də tanış olub. Jurnalistlərlə söhbətində nazir bildirib ki, dənli bitkilərin biçin dövrü fermerlərin üzləşdiyi çətinlikləri aradan qaldırmaq üçün görülən tədbirlər bu gün də davam etdirilir.

 

Ölkədə heyvandarlığın inkişafı üçün də dövlət tərəfindən qayğı göstərildiyinə diqqət çəkən nazirin sözlərinə görə, bundan sonra da iri sahibkarların sifarişinə əsasən xaricdən cins mallar alınacaq.

 

İsmət Abbasov kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkar və fermerlərə tövsiyyə edib ki, əkin işlərinə başlamazdan əvvəl öz həmkarları ilə müzakirələr aparsınlar, planlaşdırma işi görsünlər.

 

Nazir Ağcabədi və Bərdə rayonlarında bir neçə müəssisənin fəaliyyəti ilə tanış olub. Gübrə, kənd təsərrüfatı texnikası və kredit məsələləri ilə bağlı edilən müraciətlərin müsbət həlli istiqamətində çoxsaylı tapşırıqlar verib.

Müəllif | Apa.Tv