Obama: “Azərbaycan olduqca mühüm tərəfdaşdır”
Azərbaycan nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında olduqca mühüm tərəfdaşdır.
APA TV-nin məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama Nüvə Təhlükəsizliyi sammitindən sonra keçirdiyi mətbuat konfransında bəyan edib.
“Bəzi ölkələrin yüksək zənginləşdirilmiş uran ehtiyatı var. Onlar bu ehtiyatları azaltmaq qərarına gəliblər. Digər ölkələrdə mülki nüvə obyektləri var, lakin vacib təhlükəsizlik təcrübəsi yoxdur və onlar daha yaxşı təhlükəsizlik praktikasını qəbul ediblər. Elə ölkələr də var ki, onlar nüvə materiallarının qaçaqmalçılığı üçün potensial tranzit nöqtələr ola bilərlər. Onlar sərhəd məntəqələrində və nüvə materiallarının müəyyən edilməsində bizimlə birgə işləyiblər. Özünün coğrafi mövqeyinə görə Azərbaycan bu prosesdə mühüm tərəfdaşdır” - deyə o qeyd edib.
Barak Obama əlavə edib ki, bütün dövlətlər ümumi təhlükənin qarşısının alınması üçün öz töhfələrini əsirgəmirlər.