Saxlanılan şəxs: "İçkili idim, xalamgilin inəyini oğurladım..."
Saatlıda xalası evindən oğurluq edən şəxs saxlanılıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri çərçivəsində oğurluqda şübhəli bilinən Heydərabad kənd sakini Mərhəmət Əlövsət oğlu Mehdiyev saxlanılıb.
Martın 26-da Saatlı rayonunun Heydərabad kənd sakini Fail İbişova məxsus iribuynuzlu heyvanın oğurlandığı haqda polis şöbəsinə məlumat verilib.
İstintaq bölməsinin rəisi Əvəzağa Məmmədovun sözlərinə görə, daxil olan məlumat əsasında aparılan əməliyyat tədbirləri ilə müəyyən edilib ki, hadisəni ev sahibinin xalası oğlu Mərhəmət Mehdiyev törədib: “Mehdiyev Mərhəmət Əlövsət oğlu 25 mart 2016-cı il tarixdə rayonun Heydərabad kənd sakini İbişov Fail İbrahim oğlunun tövləsindən 350 manat dəyərində olan inəyini gizli yolla talamaqla oğurlayıb”.
Saxlanılan Mərhəmət Mehdiyev isə oğurluğu sərxoş halda törətdiyini bildirib: “Toy axşamı var idi. Getdim orda içdim. İçkili halda getdim hadisəni törətdim. Xalamgildən inək götürdüm. Sonra getdim şəhərə. Şəhərdə polis əməkdaşları əmim oğlunun əli ilə zəng elədilər. Gəldim görüşdüm, tutdular”.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.