Bakı-Sumqayıt qatarı 27 yaşlı qadını vurdu
Bakı-Sumqayıt qatarı dəmiryol xəttini keçən qadını vurub. APA TV-nin məlumatına görə, hadisə Xırdalan şəhəri ərazisində baş verib.
Aprelin 1-i axşam saatlarında 27 yaşlı Tünzalə İsgəndərova dəmiryolu xəttini keçmək istəyib. Bu vaxt Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarı qadını vurub.
Tünzalə İsgəndərova ağır xəsarətlər alıb və Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, 27 yaşlı qadının vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının həyati təhlükəsi davam edir.
Qohumlarının sözlərinə görə, Xırdalan şəhərinin Quşçuluq yaşayış massivinin sakini olan Tünzalə İsgəndərova 8 ay əvvəl ailə qurub. O, gözəllik salonunda işləyir. 27 yaşlı qadın işdən qayıdarkən qatarın zərbəsinə tuş gəlib.
Faktla bağlı araşdırmalara başlanılıb.