Brüssel aeroportunda 50 İŞİD-çinin çalışdığı məlum olub - NONSENS
Belçikanın paytaxtı Brüsselin havalimanında 50 İŞİD tərəfdarının işlədiyi ortaya çıxıb. APA TV-nin Vesti.ru-ya istinadən xəbərinə görə, bu barədə məlumat Qərb mediasına Hərbi Hava Qüvvələrindəki mənbələrdən sızdırılıb.
Onların sözlərinə görə, qruplaşmaya yaxın bir neçə şəxsin əlində istənilən təyyarənin pilot kabinəsinə giriş kartı mövcuddur. Əsas şübhə doğuran şəxslər təmizlik, yükdaşıma, qidalanma xidmətlərinin əməkdaşlarıdır.
Sözügedən bilgilərə əsasən, İŞİD martın 22-də törədilən terror aktlarına öncədən hazırlaşıb və təhlükəsizlik tədbirlərini yoxlamaq üçün Zaventem hava limanına turist qismində öz kəşfiyyatçılarını göndərib. Əldə olunan informasiya artıq ölkənin hava nəqliyyatı əməkdaşlarına da göndərilib.
Qeyd edək ki, martın 22-də Brüssel hava limanı və metrosunda törədilən terror aktı nəticəsində ümumilikdə 30 nəfər ölüb, 300 nəfər isə yaralanıb.