ABŞ Suriyada hərbi kontingentini artırmağa hazırlaşır
Birləşmiş Ştatlar Administrasiyası Suriyadakı xüsusi təyinatlıların sayının artırılmasını nəzərdən keçirir.
APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, bununla bağlı xəbəri sözü gedən hərbi planla əlaqəsi olan mənbələr yayıb.
Lakin bununla belə, bölgədə yerləşdiriləcək hərbi kontingentin sayı açıqlanmayıb. Hazırda Suriyanın cəbhə xəttindən kənar ərazilərdə ABŞ-ın 50 nəfərə yaxın hərbi qulluqçusunun olduğu bildirilir. Suriyadakı hərbçilərin sayının artırılması barəsində təklif ABŞ prezidenti Barak Obamaya da göndərilib. Ağ Ev rəhbərinin özü isə İraqa əlavə ordu qüvvələrinin göndərilməsi haqqında düşünür.
Qeyd edək ki, prezident Barak Obamanın bu istiqamətdəki fikirlərinə zidd olaraq fevral ayında dövlət katibi Con Kerri rəsmi Dəməşq, Rusiya və İranın atəşkəs sazişinin tələblərini yerinə yetirməyəcəkləri təqdirdə, Suriya ərazisinə əlavə qoşunların yeridiləcəyini bildirmişdi.