Şuxrat Salamov: “Ermənilərin Azərbaycan və Özbəkistanda törətdiyi cinayətlər yalnız terror adlandırıla bilər”
"Tariximizin qanlı səhifələrindən olan soyqırımlar haqqında çox deyilib, çox yazılıb. Lakin indi eşidəcəyiniz bu tarixi faktlar Qafqazda, yaxud Anadoluda baş verməyib. Bu hadisələr 1918-ci ildə Orta Asiyada, konkret olaraq isə Fərqanə vilayətində baş verib".
APA TV-nin məlumatına görə, bu fikirləri Özbəkistan yazıcısı Şuhrat Salamov “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə” və “Azərbaycanın mədəni irsi” (iki dildə) kitablarının Bakıda keçirilən təqdimat mərasimindəki çıxışında deyib.
Ş. Salamov deyib ki, 1918-ci il martın 31-də ermənilərin Azərbaycanda törətdiyi soyqırımdan 1 ay əvvəl - fevralın 22-də Fərqanə vadisində də ermənilər tərəfindən soyqırımın törədilməsinə başlanılıb. Bunun nəticəsində 180-ə yaxın kənd məhv edilib, 3 ay ərzində 35 minə yaxın dinc əhali vəhşicəsinə öldürülüb. Normal insanın belə vəhşiliklər törətməsini mümkünsüz sayan yazıcı qeyd edib ki, ermənilərin həm Azərbaycana, həm də Özbəkistana - ümumilikdə türk elinə qarşı törətdiyi cinayətlər yalnız terror adlandırıla bilər.
Şuhrat Salamov deyib ki, Azərbaycan və Özbəkistanın başına gələn hadisələr oxşar olub. Buna görə də kitabda tarixi faktlar paralelliklə qeyd edilib. Bütün bu faktlar cinayətlərin ermənilər və ruslar tərəfindən türk elinə qarşı məqsədli şəkildə törədildiyini sübut edir.
Yazıçı-publisist bu terrorun bu gün də davam etdiyini söyləyib: “Eyni hadisələri daha sonra - 1980-ci illərdən sonra Qarabağda da gördük. İnsan olan şəxs bu vəhşilikləri etməz. Bunlar terrordur. Mən bu məsələləri açmaq, onları dünyaya göstərmək üçün bu kitabı hazırladım. Qarabağ bizim hamımızın acısıdır. Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib. BMT-nin işğal edilən torpaqların azad edilməsi barədə dörd qətnamə qəbul etməsinə baxmayaraq, bunlar yerinə yetirilmir”.
Yazıcı daha sonra əlavə edib ki, “Azərbaycanın mədəni irsi” kitabı Azərbaycanın Özbəkistandakı səfirliyinin və Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin dəstəyi ilə hazırlanıb. Azərbaycan mədəni irsinə dair məlumatları özündə əks etdirən bu kitabda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan UNESCO-nun "Qeyri-maddi mədəni irs siyahısı"na daxil edilmiş mədəni irs elementləri, milli musiqi alətləri haqqında, habelə Azərbaycan Milli Kulinariya Mərkəzinin məlumatlarından istifadə edilib. Nəşrdə Azərbaycan torpaqlarının işğalı nəticəsində ölkənin mədəni irsinə, mədəniyyət abidələrinə çox böyük ziyan dəydiyi, açıq səma altında muzey olan Azərbaycan mədəniyyətinin, musiqisinin beşiyi - Şuşa şəhərində və digər ərazilərdə xalqımıza məxsus maddi mədəniyyət nümunələrinin talan və məhv edilməsi yazılıb.
Bakıya ikinci dəfə səfər etdiyini deyən qonaq əlavə edib ki, əsərlərinin hər ikisi rus dilində işıq üzü görüb. Bu gün dünyanın sülhə, barışa ehtiyac duyduğuna diqqət çəkən yazıçı-publisist Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına əmin olduğunu dilə gətirib:
"Əslində özbək xalqı da dinclik sevər bir xalqdır. Dinclik olsun, cahanda sülh olsun. Azərbaycan torpaqlarının işğal altında olması ilə bağlı beynəlxalq təşkilatların qətnamələri var. Özbəkistan da bu qətnamələrin həyata keçirilməsini, Azərbaycan torpaqlarının geri qaytarılmasını, erməni hərbi qüvvələrinin bu torpaqlardan çıxarılmasını dəstəkləyir".
Təqdimat mərasimində çıxış edən Qafqaz Tarixi Mərkəzinin rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunun elmi işçisi Rizvan Hüseynov bildirib ki, arxiv materialları əsasında hazırlanan “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə” kitabı ermənilərin türk dünyasına qarşı törətdiyi cinayətləri açıb göstərir.
Bu cinayətlərin bir hissəsinin də Özbəkistanda törədildiyini xatırladan R. Hüseynov qeyd edib ki, bütün dünya ermənilərin bu vəhşilikləri barədə məlumatlandırılmalı, törətdikləri cinayətlərin böyük türk elinə qarşı olduğunu, onların böyük türk eli ilə bağlı ciddi planlarının olduğunu bilməlidir.