Masallıda 63 il əvvəl çəkilən yol təmir olunub
Masallıda otuz minə yaxın sakinin istifadə etdiyi Müsaküçə - Lürən avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. Bu yol ilk dəfə 1950-ci ildə çəkilib. Lakin uzun illər keçməsinə baxmayaraq, yolda heç bir əsaslı təmir işi görülməyib. Tamamilə bərbad vəziyyət düşmüş yol “Regionların sosial-iqdisadi inkişafı Dövlət Proqramı” çərçivəsində yenidən qurularaq sakinlərin istifadəsinə verilib. APA TV-nin xəbərinə görə, yolun açılışı ilə bağlı keçirilən tədbirdə RİH-nin başçısı Rafil Hüseynov bildirib ki, respublikada rayon mərkəzlərinin və kəndlərin yolları abadlaşdırılır, avtomobil yollarının təmiri və yenidən qurulması istiqamətində ardıcıl iş aparılır.
Müsaküçə - Lürən yolu Ələt-Astara magistralı vasitəsi ilə həmçinin Masallı-Boradigah-Lənkəran şosesini birləşdirir. Rayonun cənub istiqamətində yerləşən 40-dək yaşayış məntəqəsinin sakinlərini içməli su ilə təmin etməkdən ötrü hər gün ağır tonajlı avtomobillər məhz bu yoldan istifadə edir.
Hazırda Masallının Kolatan kəndindən keçən və 10 yaşayış məntəqəsini birləşdirən 14 kilometrlik yolun da yenidən qurulmasına başlanıb.