Əhməd Əhmədzadə: "Cəbhəyanı kəndlərdə 600-ə yaxın subartezian quyusu qazılıb"
"Ölkəmizdə meliorasiya sahəsində də mühüm layihələr reallaşdırılır, yeni infrastruktur obyektləri tikilib istifadəyə verilir. Azərbaycanda nəhəng Şəmkir, Taxtakörpü su anbarları, Samur-Abşeron kanalı tikilib istismara verilib və digər iri layihələr icra edilib. Bu layihələrin tam icrası nəticəsində on minlərlə hektar torpaq dövriyyəyə buraxılacaq və minlərlə fermer bundan bəhrələnəcək. Kənd təsərrüfatı məhsullarının 90 faizi suvarılan, meliorasiya olunan torpaqlarda əldə olunduğundan, mövcud suvarılan torpaqların potensialını artırmaq lazımdır".
Bunu APA TV-yə açıqlamasında "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə deyib.
"Yeni suvarılan sahələrin dövriyyəyə daxil olunmasını Azərbaycan prezidenti bizim qarşımızda məqsəd olaraq qoyub. Artıq Xızı, Siyəzən və və Şabran rayonlarında bu işlərin görülməsinə başlanıb. Ötən il səkkiz min hektara yaxın yeni suvarılan sahələri istifadəyə vermişik. Artıq orda yeni taxılçılıq təsərrüfatlarının, eləcə də özəl təsərrüfatların yaradılmasına başlanılıb. 2016-cı ildə isə altı min hektara yaxın yeni suvarılan sahələri istifadəyə verməliyik ki, bu çox böyük əhəmiyyət daşıyır. Eyni zamanda Şəmkirçay su anbarı zonasında da oranın potensialından istifadə etmək üçün aqropark yaradılır. Həmçinin Goranboy rayonuna suyun verilməsi üçün maşın kanalının tikintisi işləri davam etdirilir" - deyə o qeyd edib.
O ki qaldı cəbhə xəttinə yaxın olan kəndlərdə suvarılma işlərinin aparılmasına, bununla bağlı sözügedən ərazilərdə çoxlu sayda subartezian quyuları qazılıb. Son 4-5 ildə 600-ə yaxın subartezian quyuların qazıldığına diqqət çəkən Ə.Əhmədzadə qeyd edib ki, bu quyuların ümumi sayı 1400-ə çatdırılıb. 150 subartezian quyusu isə Ağcabədi, Ağdam, Tərtər, Bərdə, Goranboy rayonlarının payına düşür.