Samir Piriyev: "Məni Kamran Həsənli və bacısı aldadıb"

“Mən dostluq münasibətlərinə güvənib Kamrana və onun bacısı Gülərə aldandım”. APA TV-nin xəbərinə görə, bu sözləri müğənni Samir Piriyev bu gün keçirilən mətbuat konfransında deyib.

 

O, şoumen Kamran Həsənli ilə aralarındakı problemin yaranma səbəblərini və təfərrüatlarını açıqlayıb. Müğənni qeyd edib ki, 2009-cu ildə Kamran Həsənli ona Türkiyədə Ərhan Yılmaz adlı şəxsin rəhbərlik etdiyi "BeyPet" şirkətində səhmlər əldə etmək barədə təklif verib. O da razılaşıb və K.Həsənliyə 80 min dollar məbləğində pul verib. Lakin sonra K.Həsənli daha çox məbləğə ehtiyac olduğunu bildirib. Bu isə S.Piriyevi qane etməyib. Odur ki, o, səhmlərdən imtina etmək qərarına gəlib, lakin K.Həsənli pulu qaytarmaqdan imtina edib. Məsələnin hüquq müstəvisinə qalxmasının səbəbi də elə budur. Belə ki, S.Piriyev ötən ay hüquq-mühafizə orqanlarına müraciət edərək, K.Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib.

 

Müğənni iddia edib ki, Kamran Həsənli və onun bacısı Gülər xanım onu aldadaraq böyük məbləğdə pulunu mənimsəyiblər. Artıq bir neçə ildir pulu geri almağa çalışsa da, müğənni buna müvəffəq olmayıb. Bir neçə il əvvəl isə o, K.Həsənli ilə olan telefon danışıqlarını qeydə almağa başlayıb. Elə mətbuat konfransında təxminən ötən il qeydə alınan səs yazılarından biri səsləndirilib. Bəlli olub ki, K.Həsənli S.Piriyevə borclu olduğunu və ehtiyac olarsa, borc qarşılığında mənzilini belə verməyə hazır olduğunu deyib. Amma problem evin satılması məsələsi gecikəndən sonra böyüyüb.

 

Qeyd edək ki, faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə istintaq Nərimanov Rayon Polis İdarəsində davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv