Prezident İlham Əliyev: "Avropa İttifaqı ilə strateji əməkdaşlıq sənədi üzərində iş aparılır"

Prezident İlham Əliyev aprelin 1-də Vaşinqtonda Çexiyanın baş naziri Bohuslav Sobotka ilə görüşüb.

 

APA TV-nin məlumatına görə, görüşdə Azərbaycan-Çexiya münasibətlərinin indiki səviyyəsindən məmnunluğunu ifadə edən prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın əlaqələrin daha da inkişafına töhfə verdiyini qeyd edib.

 

Azərbaycanla Çexiya arasında yaxşı dostluq münasibətlərinin mövcud olduğunu deyən dövlət başçısı siyasi sahədə də əlaqələrin yüksək səviyyəsinin məmnunluq doğurduğunu vurğulayıb. Azərbaycan prezidenti siyasi və iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib, Avropa İttifaqı ilə strateji əməkdaşlıq sənədi üzərində iş aparıldığını da deyib.

 

Çexiyanın baş naziri belə səfərlərin və görüşlərin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Cənubi Qafqazda Azərbaycanı Çexiyanın əsas tərəfdaşı hesab etdiyini bildirən Bohuslav Sobotka ölkəsinin enerji və enerjinin şaxələndirilməsi sahələrində əməkdaşlığa böyük önəm verdiyini deyib. O, həmin istiqamətdə Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını vurğulayıb. B.Sobotka Çexiyanın hərbi-texniki, müdafiə sənayesi sahəsində, həmçinin "Cənub Qaz Dəhlizi" layihəsinin icrası ilə bağlı Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiklərini deyib.

 

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını bildirən B.Sobotka Çexiyanın bu əməkdaşlığa töhfə vermək imkanlarından danışıb.

Müəllif | Apa.Tv
Apa.tv