Azərbaycanın şəhid hərbçiləri torpağa tapşırılır
Zaqatala. Aprelin 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşdə həlak olan Azərbaycan Ordusunun əsgəri 19 yaşlı Rəvan Nurayev dəfn olunub.
APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, R. Nurayev doğulduğu Zaqatala rayonunun Muxax kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin və Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi şəxsləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
**
Şamaxı. Azərbaycan ordusunun şəhid olan digər əsgəri, 1994-cü il təvəllüdlü Kaçayev Samir Ziyəddin oğlu bu gün doğulduğu Şamaxı rayonunda dəfn edilib.
APA-nın yerli bürosunun xəbərinə görə, şəhid Samir Kaçayevin nəşi Şamaxı rayonunun Çuxuryurd kəndindəki məzarlıqda torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şamaxı Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti də iştirak edib. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb.
**
Biləsuvar. Azərbaycan Silahlı Qüvvələrinin şəhid olmuş daha bir hərbi qulluqçusu, Cəbrayıl rayonunun Veysəlli kəndindən məcburi köçkün, 22 yaşlı Ruhin Əşrəf oğlu Qəhrəmanov bu gün Biləsuvar rayonundakı 2 saylı məcburi köçkün qəsəbəsində dəfn olunub. APA TV-nin Cənub bürosunun məlumatına görə, Azərbaycan bayrağına bükülmüş şəhid gizirin tabutu məcburi köçkünlər üçün salınmış qəsəbə qəbiristanlığına Azərbaycan bayrağının dalğalandığı maşın karvanının müşayiəti ilə gətirilib.
Rayonun icra strukturlarının və ictimaiyyət nümayəndələrinin, yerli sakinlərin, şəhidin doğmalarının iştirak etdikləri vida mərasimində Qəhrəmanovlar ailəsinin vətənpərvər olduğu, ailənin başçısı Əşrəf kişinin Qarabağ veteranı kimi oddan-alovdan keçdiyi bildirilib.
Daha sonra şəhid gizir uğrunda canını qurban verdiyi Azərbaycan torpağına tapşırılib. Şəhidin dəfni zamanı onun tabutuna çəkilmiş üçrəngli bayraq hərbçi qardaşı Qəhrəmana təqdim olunub.
**
Ağdam. Ötən gün cəbhə xəttinin Tərtər istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan əsgər Mehrəliyev Sarvan Natiq oğlu Ağdam rayon Üçoğlan kənd qəbiristanlığında dəfn olunub. Əslən Xocalıdan olan şəhidin dəfnində Müdafiə Nazirliyinin yüksək çinli hərbiçiləri, Ağdam və Xocalı rayon icra hakimiyyətinin rəsmiləri və kənd sakinləri iştirak edib. Sarvanın şəhid olduğu döyüşlərdə onun qardaşı Namiq Mehrəliyev də xidmət başında olub. Onun sözlərinə görə, Sarvan hərbçilərə silah-sursat apararkən düşmən gülləsinə tuş gəlib.
“Mən fəxr edirəm ki, mənim qardaşım döyüşlərdə torpağımız uğrunda şəhid oldu. O öz komandirlərinə sursat aparmaq üçün öz canından keçdi. Öz əsgər yoldaşlarını qorumaq üçün irəliyə atıldı. Mən öz qardaşımla fəxr edirəm ki, o şəhid oldu".
**
Qazax. Aprelin 2-nə keçən gecə təmas xəttində düşmənlə gedən döyüşdə həlak olan Azərbaycan Ordusunun əsgəri 20 yaşlı Orxan Əliyev dəfn olunub. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, şəhid doğulduğu Qazax rayonun Aslanbəyli kənd məzarlığında torpağa tapşırılıb. Dəfn mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təmsilçiləri, şəhidin hərbçi yoldaşları iştirak ediblər. Çıxış edənlər Orxanın mərd, cəsur, daima düşmənə layiqli cavab verməyə hazır olan bir əsgər olduğunu bildiriblər. Şəhid Azərbaycan himinin sədaları altında, yaylım atəşi ilə dəfn edilib.