Müstəqil Mətbuat Mərkəzi niyə yaradılıb?
Mətbuat Şurasının üzvləri prezident seçkiləri ərəfəsində yaradılmış Müstəqil Mətbuat Mərkəzi ilə tanış olublar. Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılmış mərkəzin işi barədə danışan MSK katibliyinin rəhbəri Rövzət Qasımov bu layihənin Azərbaycanda 2000-ci ildən keçirildiyini və ilbəil daha da təkmilləşdirildiyini dedi: "Buranın yaradılmasında məqsəd odur ki, bizim kütləvi informasiya vasitələri istənilən vaxt müstəqil şəkildə məlumat əldə edə bilsinlər. Burada bütün avadanlıqlar quraşdırılıb və mətbuat nümayəndələrinin istənilən vaxt heç bir ödəniş etmədən buradan istifadə etmək hüquqları var".
APA TV-nin xəbərinə görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov da Azərbaycan və indiyə kimi akkreditə olmaq üçün müraciət etmiş 50-yə yaxın xarici jurnalistin sərbəst şəkildə bu mərkəzdən istifadə edə biləcəyini dedi: "Qanunvericilik baxımından Azərbaycan jurnalistinin seçki prosesini işıqlandırması üçün heç bir problem yoxdur. Bu gün müstəqil mətbuat mərkəzindəyik və bu mərkəzin fəaliyyəti Qanunvericilikdə Azərbaycan jurnalistinə verilən hüquqları tamamlayır".
Əflatun Amaşov seçki günü Mətbuat Şuranın da yerlərdə monitorinq keçirəcəyini bildirdi. Onun sözlərinə görə, qurumda həmçinin qaynar xətt fəaliyyət göstərəcək ki, istənilən jurnalist informasiya almaq məhdudiyyəti yarandıqda müraciət edə bilsin.
Mərkəzin koordinatoru Elşad Fərzəliyev isə dedi ki, fəaliyyətə başladığı 3 gündə Müstəqil Mətbuat Mərkəzində artıq 100-ə qədər jurnalistin elektron ünvanı qeydiyyatdan keçib.