Somalidə terrorçularının öldürdüyü azərbaycanlı müəllimə Göyçayda dəfn edilib
Martın 30-da Somalinin paytaxtı Moqadişoda öldürülən Azərbaycan vətəndaşı, 1982-ci il təvəllüdlü İsmayılova Kəmalə Savalan qızının cənazəsi bu gün anadan olduğu Göyçay rayonuna gətirilib. APA TV-nin yerli bürosunun xəbərinə görə, Kəmalə İsmayılova rayonun Ləkçiplaq kəndindəki məzarlıqda torpağa tapşırılıb. Somalidəki silahlı şəxslər içərisində Türkiyə və Azərbaycan vətəndaşları, eləcə də yerli sakinlərin olduğu məktəbli mikroavtobusuna hücum ediblər. Nəticədə azərbaycanlı müəllim ölüb, onun iki oğlu - 12 yaşlı Nihad və 10 yaşlı Nicat yaralanıb. Bundan başqa, terror hadisəsi zamanı avtomobildə olan daha 4 nəfər də qətlə yetirilib. Xəsarət alan uşaqlar hazırda Moqadişoda türkiyəli həkimlərinin nəzarəti altında müalicə olunurlar.
Qeyd edək ki, uzun müddət ailəsi ilə birgə Türkiyədə yaşayan və sonradan işləmək üçün Somaliyə göndərilən ailə başçısı Əflatun İsmayılov “Turkish Airlines” şirkətinin Somalidəki nümayəndəliyində və türk turizm şirkətində çalışır. Onun həyat yoldaşı Kəmalə İsmayılova isə Somalinin paytaxtında fəaliyyət göstərən Türk Özəl Liseyində müəllimə işləyib. Hadisə barədə xəbəri eşidərək koma vəziyyətinə düşən Əflatun İsmayılovun vəziyyəti normallaşıb və o, dəfn mərasimində iştirak edib.