Müəllimlərin Günü
Bu gün bütün dünya Beynəlxalq Müəllimlər Gününü qeyd edir.
APA TV xəbər verir ki, 5 oktyabr 1966-cı ildə YUNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağrılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub. Hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə "Müəllimlər günü" qeyd edilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Albaniya 8 mart, Cənubi Koreya 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə 24 noyabr tarixlərində Müəllimlər Günü qeyd olunur. Azərbaycanda 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilir. Təhsil naziri Mikayıl Cabbarov 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycanın bütün müəllimlərinə və təhsil işçilərinə təbrik ünvanlayıb.