Şirvanda Türkiyə vətəndaşını yaralayıb 70 min manatını apardılar
Şirvanda Türkiyə vətəndaşı olan iş adamını yaralayaraq 70 min manat pulunu aparıblar.
APA TV-niın Mil-Muğan bürosunun verdiyi məlumata görə, “Galaksi” şirkətinin rəhbəri olan Türkiyə vətəndaşı, 1959-cu il təvəllüdlü Sədrəddin Akkurt “Toyota” markalı avtomobili idarə edərkən quldur basqınına məruz qalıb.
Belə ki, Sədrəddin Akkurt qarşısında velosipedçinin yıxıldığını görüb, avtomobili saxlayaraq ona kömək etmək istəyən zaman arxadan başına küt alətlə bir neçə dəfə zərbə endirilib və o, huşunu itirərək yerə yıxılıb. Bu zaman ona hücum edən şəxs və ya şəxslər avtomobili qaçırıblar. Bir müddət sonra avtomobil Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində yolun kənarında qəzaya uğramış vəziyyətdə tapılıb. Avtomobildə olan 70 min manat pul da yoxa çıxıb. Sədrəddin Akkurt ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Travmatologiya şöbəsinə kəllə-beyin travması diaqnozu ilə yerləşdirilən iş adamının başına çoxsaylı tikişlər qoyulub.
Hazırda Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayəti törədənlərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı cinayət işi açılıb.